03.05.2025, 07:54
AZ EN
19.08.2023, 20:59 336

Deputat: Qarabağdakı separatçılar törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq

XƏBƏRLƏR
  • Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar daha da artıb. Ermənistanın baş naziri Nikol Paşinyan ikiüzlü, riyakar siyasət yürütməkdə davam edir. Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etsə də, əməldə tam əks mövqe nümayiş etdirir. Ermənistan tərəfindən Qarabağa Laçın yolu vasitəsilə orada yaşayan ermənilərin, guya, blokadada qalması səbəbindən humanitar yardım adı altında avtomobil karvanının göndərilməsi dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi fikirlərin formalaşdırılmasına xidmət edir.

Azərbaycan dəfələrlə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Lakin ermənilər qəsdən bu yoldan imtina ediblər.

Bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Deputat son günlər Qarabağdakı separatçı ünsürlərin Ordumuzun mövqelərini tez-tez atəşə tutmasından narahatlığını ifadə edib. O, sərhəddəki təxribatların Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında və onların razılığı ilə həyata keçirildiyindən təəssüfləndiyini bildirib.

“Azərbaycanla sərhəddə yeni döyüş hazırlığı ilə məşğul olan Ermənistan rəhbərliyi bu azmış kimi Qarabağda yaşayan ermənilərin guya blokadada qalması və orada "humanitar fəlakət" yaranması barədə BMT Təhlükəsizlik Şurasına şikayət məktubu ünvanlamışdı. Ermənilərə dəstək verən bəzi Qərb dövlətləri, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa anlamır ki, belə şeylərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Çünki haqq da, ədalət də, hüquq da bizim tərəfimizdədir.

Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin əlində oyuncaq vasitəsinə çevrilib. Avqustun 16-da keçirilən BMT TŞ-nin iclasında da Ermənistan ağır məğlubiyyətə düçar oldu. Azərbaycan və onun lideri Prezident İlham Əliyev dünyanın ali orqanı olan BMT-də də Ermənistanla yanaşı, ona havadarlıq edən ölkələr, xüsusən Fransa üzərində tarixi qələbə əldə etdi”, - deyə K.Əliyeva vurğulayıb.

Deputat bildirib ki, BMT TŞ-dəki müzakirələrin nəticələri Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin, separatçıların tərk-silah edilməsinin vacibliyini göstərdi və Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Ermənistan hökuməti ilə xaricdəki erməni lobbisi arasında ciddi narazılıq olduğunu və hər gün dərinləşməkdə olduğunu diqqətə çatdıran Kamilə Əliyeva deyib: “Beynəlxalq Ədalət Məhkəməsindən sonra BMT-nin Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq.

Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasındakı qələbəsi ölkəmizin nüfuzlu və qüdrətli dövlət, onun lideri Prezident İlham Əliyevin isə güclü siyasətçi olduğunu sübut etdi”. (AZERTAC)

Oxşar xəbərlər