Bunu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.
Onun sözlərinə görə, Fransanın Ermənistanı himayə etməsi və silahlandırması, heç şübhəsiz, onun Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olmadığının göstəricisidir. Bu cür qərəzli və destruktiv mövqe Fransanın üzərinə götürməyə çalışdığı “vasitəçilik missiyası”nın təməl prinsiplərini, o cümlədən Avropa dəyərləri və beynəlxalq normaları çeynədiyini göstərir.
"Azərbaycan-Ermənistan sülh danışıqları prosesində tərəflərdən birini açıq-aşkar dəstəkləmək və digər tərəfin əleyhinə ziddiyyətli mövqe sərgiləmək azmış kimi, İrəvana silah tədarükünü gerçəkləşdirməklə Fransa, əslində, sülh danışıqları prosesinə qarşı da təxribat törədir və bu hal Fransa-ABŞ ziddiyyətlərinin Cənubi Qafqazdakı inikasını şəkilləndirmiş olur. Baş verənlər “Firəngistan”ın dünyanın müxtəlif regionlarında, o cümlədən Mərkəzi Afrika, Şərqi Aralıq dənizi və Uzaq Şərqdə olduğu kimi, Cənubi Qafqazda da “parçala və hökm sür” strategiyasını güddüyünü deməyə əsas verir. Fransadakı erməni diasporunun təsiri ilə öz dövlətinin və xalqının maraqlarına laqeyd yanaşan Emmanuel Makronun hazırkı erməni təəssübkeşliyi, əslində, Fransanın İrəvandan marionet kimi istifadə edərək Cənubi Qafqaza daxil olmaq cəhdlərini özündə əks etdirir. Bu siyasətin nəticəsidir ki, Ermənistan danışıqlar prosesini yubatmaqla yanaşı, öz havadarından aldığı dəstəkdən cəsarətlənərək Azərbaycana qarşı təxribatlar da həyata keçirir", -deyə S.Zahidov qeyd edib.
Siyasət elmində “Fukidid tələsi” deyilən bir terminin mövcud olduğunu dilə gətirən politolo deyib ki, bu termin qonşusunun güclənməsinə qısqanclıqla yanaşan dövlətin silahlanaraq regiondakı vəziyyəti gərginləşdirməsini və özünü çıxılmaz bir tələyə salmasını ifadə edir. Fransa da hazırda Ermənistanı “Fukidid tələsi”nə doğru istiqamətləndirir. Belə ki, Azərbaycan Ordusu öz “Dəmir yumruğu” ilə Ermənistanın təxribatlarına müvafiq cavablar verməklə yanaşı, genişmiqyaslı əks-hücumlar və antiterror əməliyyatları da həyata keçirə bilər, bu da Ermənistan üçün heç də yaxşı sonluq olmayacaq.
Fransanın Ermənistanı silahlandırması, əslində, həm ABŞ, həm də İsraili narahat edən məqamlardandır. Çünki həmin silahların sonradan Rusiya və ya İranın əlinə keçəcəyi də istisna deyil. Son zamanlar Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatların açıqlanması Fransanın Rusiya mövzusunda da qeyri-sabit mövqeyinə dəlalət edir.
S.Zahidov bildirib ki, bir tərəfdən Ukraynaya daimi dəstəyini ifadə edən Makronun digər tərəfdən Rusiyanın könlünü almağa çalışması, rəsmi Parisin ölkənin milli simvolu xoruz formasında olan və tez-tez istiqamətini dəyişən “flüger siyasəti” yürütdüyünü göstərir.
"Xarici siyasətdəki uğursuz addımlarla yanaşı, Fransanın daxilində də vəziyyətin gərgin olması Makronun yarıtmaz fəaliyyətinin təzahürüdür. Bu gün Makron Avropa siyasətində ən çox korrupsiyalaşmış hakimiyyəti təmsil edir. Məhz onun islamofobiya, etnik ayrı-seçkilik və şəxsi ambisiyalara söykənən siyasəti nəticəsində Fransada hazırda etirazlar genişlənir və artıq vətəndaş itaətsizliyi pik həddə çatıb.
Bəhs olunanlar beynəlxalq münasibətlər sistemində müəyyən yer tutmağa çalışan Fransanın həm daxildə, həm də xarici arenada səmərəsiz siyasətinin zərərli lokal, regional və qlobal nəticələr hasil edəcəyinə zəmin yaradır. Rəsmi Paris əgər həqiqətən də sülhdə maraqlıdırsa, o zaman Makron öz qərəzli mövqeyi və regiondakı məkrli niyyətlərindən əl çəkməlidir, əks təqdirdə, Fransa da Ermənistanın hazırda olduğu uçuruma sürüklənəcək. Çünki nə Azərbaycan, nə Türkiyə, nə də Makronun hazırkı siyasətindən narazı qalan digər dövlətlər Fransanın Cənubi Qafqazdakı destruktiv fəaliyyətinə imkan verməyəcək", - deyə Sultan Zahidov fikirlərini tamamlayıb. (AZƏRTAC)