“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin aparılması, müasir tələblərə cavab verən çoxşaxəli infrastrukturun qurulması, tarixi, dini və mədəni abidələrin bərpası, dağıdılmış yaşayış məntəqələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, Zəfər yolunun və Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin təməlinin qoyulması və bir çox digər mühüm layihələrin həyata keçirilməsi Böyük Qayıdışın təmin olunması ilə yanaşı, öz doğma ocaqlarına qayıdacaq keçmiş məcburi köçkünlərin uzun illərdir pozulmuş hüquqlarının bərpasında xüsusi əhəmiyyətə malikdir”.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva martın 4-də Milli Məclisdə ölkəmizdə insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəni təqdim edərkən belə deyib. O, bildirib ki, beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanmasına, insan hüquqlarının inkişafına böyük töhfə verib.
Ombudsman ötən müddət ərzində ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində mühüm addımlar atılıdığını diqqətə çatdırıb. Qeyd edib ki, əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüd və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilib.
Ötən dövrdə ombudsmanın ünvanına ümumilikdə 271 min 442, 2021-ci ildə isə 31 min 092 müraciət daxil olub. 2020-ci illə müqayisədə müraciətlərin sayı 13 faiz çoxalıb. Bu müraciətlərə müəyyən edilmiş qaydada baxılıb, ərizəçilərə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı lazımi məsləhətlər verilib.
Bildirilib ki, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, pensiya yaşına çatmaqda olan vətəndaşların, aztəminatlı və çoxuşaqlı ailələrin rifah halı, məşğulluq vəziyyəti və işsizlik hallarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilib. Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin ailə üzvlərinin, evləri dağıdılmış vətəndaşların müraciətlərinə də xüsusi həssaslıqla yanaşılıb, məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb. Koronavirus pandemiyası şəraitində əmək hüquqlarının müdafiəsinin, insanların işlə təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən ombudsman, aztəminatlı ailələrin gəlir əldə etməsi məqsədi ilə şəxsi təsərrüfatların yaradılmasına, kiçik biznesin qurulmasına dəstək verilməsi üzrə tədbirlərin, özünüməşğulluğun genişləndirilməsinin bu ailələrin yaşayış şəraitinin yaxşılaşmasında, dövlətin sosial yardımından asılılığın getdikcə aradan qaldırılmasında vacibliyini qeyd edib.
Bildirilib ki, insan hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə əhalinin hüquqi maarifləndirilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verilib.
Qeyd edilib ki, beynəlxalq səfərlər çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi cinayətlər, Azərbaycanın mülki obyektlərinə raket hücumlarının nəticələri, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən basdırılmış minaların yaratdığı təhlükələr, mina xəritələrinin verilməməsi, verilmiş xəritələrin isə həqiqətə uyğun olmaması və bu halların keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına ciddi maneələr yaratması ilə bağlı məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Eyni zamanda, müxtəlif vaxtlarda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın raket hücumlarına məruz qalmış mülki yaşayış məntəqələrində faktaraşdırıcı missiyalar həyata keçirib, toplanmış faktlar əsasında hazırlanan hesabatlar müvafiq beynəlxalq təşkilatlara göndərilib. Vətən müharibəsi dövründən başlayaraq ümumilikdə 14 hesabat, 21 bəyanat, 23 müraciət, 150-yə yaxın mətbuat açıqlaması, 2 video-çarx hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib, təsisatın sosial hesablarından yayımlanıb.
İclasda İnsan hüquqları üzrə müvəkkilin məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Komitə sədri Qənirə Paşayeva, deputatlardan Nigar Arpadarai, Əziz Ələkbərov, Aydın Mirzəzadə, Erkin Qədirli, Razi Nurullayev, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Sahib Alıyev, Fəzail Ağamalı məruzə ilə bağlı fikirlərini səsləndiriblər, sual və təkliflərini bildiriblər.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi nəzərə alınıb.