18.10.2024, 21:18
AZ EN
26.06.2023, 22:00 257

Rumıniya nəşrində Azərbaycan Silahlı Qüvvələrinin tarixindən və bu günündən bəhs olunub

XƏBƏRLƏR
  • Rumıniyanın nüfuzlu “Ultima Ora” xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür” sərlövhəli məqaləsini yayıb.

Məqalədə, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə, keçdiyi inkişaf və döyüş yolunun, ordu quruculuğunun önəmli məqamlarına nəzər salınıb.

Qeyd edilib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə yaradıldı, 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyularaq, Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir təyin edildi. Hərb sahəsində ilk uğur məhz həmin il sentyabrın 15-də, Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməklə qazanılıb. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti tərəfindən Milli Ordu ləğv edilərək, onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçi repressiyaya məruz qaldı.

Bildirilib ki, müasir Milli Ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlanılıb. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər və belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi.

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən səfir, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsinin Ulu Öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə tanınır. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Həmçinin bildirilib ki, qüdrətli Azərbaycan Ordusu Vətən müharibəsində işğal latındakı torpaqlarımızı cəmi 44 gündə azad etdi. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir.

Vurğulanıb ki, bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamıdır və Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli Ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev ilə qürur duyur. (AZƏRTAC)

Oxşar xəbərlər