Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov burada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda deyib.
O qeyd edib ki, tarixi, dini və mədəniyyət abidələrinin bərpası Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən biridir:
"Heç də təsadüfi deyil ki, bu nəcib və ali missiyanı başlayan Azərbaycan qadınıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva torpaqlarımız işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını elan etdi. Bu gün artıq Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir”.
R.Məmmədov xatırladıb ki, indiyə qədər Ağdam Cümə məscidi, Zəngilan məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib.
Komitə sədri bildirib ki, təxminən ilyarım öncə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs kimi bu torpaqlara gələrkən Xankəndiyə nə zaman gedəcəyimizi düşünüb:
"Bu gün ölkəmizin hər bir guşəsində üçrəngli bayrağımız dalğalanır. Bu bayraq gücümüzün, iradəmizin, qətiyyətimizin və cəsarətimizin simvoludur. Ona görə də düşünürəm ki, hər bir azərbaycanlı kimi Azərbaycan qadını da xoşbəxtdir, onu qoruyan, himayə edən, azadlığına zəmanət verən güclü dövləti var". (Report)