22.12.2024, 12:00
AZ EN
06.02.2023, 16:52 371

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun yeni detalları açıqlanıb

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, cari ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb.

Belə ki, ilk öncə terrorçu hücum aktını törətməmişdən əvvəl 27 yanvar 2023-cü il tarixində saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib.

Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.

Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

Səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.

Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.

Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.

Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.

Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Bildirmək istərdik ki, son günlər bəzi sosial şəbəkə və media resurslarında baş vermiş terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib. Buna əsas səbəb, video görüntülərdəki xronometraja səhv istinadlar olub. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameraları real vaxtdan 24 dəqiqə erkən vaxtı göstərir. Bu fərq bəzi texniki amillərlə bağlıdır.

Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.

Oxşar xəbərlər