Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı məruzənin müzakirəsi ilə bağlı yazılı çıxışında qeyd edib. Bildirilib ki, bəziləri belə mövzuların gündəmdə qalmasına, yenə Ermənistanı və Azərbaycanı münaqişə tərəfləri kimi göstərməyə inadla cəhd edir ki, bu səylərin arxasında heç də xoş niyyətlər dayanmır. Hər halda, belə cəhdlər Ermənistanın, eləcə də Azərbaycanın maraqlarına ziddir və sülh prosesinə əlavə süni maneələr yaradır. O bədxah qüvvələrin məqsədi də budur. İstənilən məsələdə uğurlu nəticəyə çatmaq üçün reallığı nəzərə alaraq hərəkət etmək lazımdır. Əlbəttə, əgər həmin məsələni qaldıranlar həqiqətən hamı üçün əlverişli olan nəticəni istəyirlərsə, Laçın dəhlizi, Qarabağın dağlıq hissəsində yaşayan Azərbaycan ermənilərinin gələcək taleyi və bu dairəyə daxil digər məsələlərlə bağlı istənilən müzakirəni başlamaq üçün ən münasib yol xəritəsi Prezident İlham Əliyevin mayın 28-də etdiyi çıxışdır. Həmin gün Laçın rayonunda 30 illik işğaldan sonra nəhayət ki, öz doğma yurdlarında onlar üçün inşa edilmiş doğma evlərinə qayıdan keçmiş məcburi köçkünlərlə görüşdə Prezident Əliyev mövcud reallığın və mümkün perspektivlərin dəqiq mənzərəsini təqdim etdi.
“Son 30 ildə Laçında işğalçıların məskunlaşdırdıqları ailələr azərbaycanlılara aid evlərdə yaşamışdılar. Azərbaycan həmin torpaqları azad edəndən sonra ərazilərin minalardan təmizlənməsini başa çatdırıb və təkcə son 7-8 ay ərzində 700 tikili inşa edilib, onların 620-si yaşayış evləridir. Budur Azərbaycanın gücünün ən sadə və əyani göstəricisi. Mayın 28-də Laçında Prezident İlham Əliyev açıq və birmənalı şəkildə bəyan etdi ki, separatizm kitabı artıq qapanıb. Qarabağda yaşayan ermənilər üçün bir optimal və düzgün yol qalır: oyuncaq qurumları və qondarma atributları bir kənara tullamaq, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, Azərbaycan Respublikasındakı digər milli azlıqlar kimi rifah içərisində, indiki gərginliklərdən uzaq halda yaşamağa başlamaq. Bu halda sizin heç dar dəhliz haqqında düşünmək ağlınıza da gəlməyəcək”, - deyə R. Hüseynov vurğulayıb.
Qeyd edilib ki, bu gün bu mövzunun gündəmə gəlməsinə rəvac verən və kadr arxasında dayananlara, eləcə də hamıya Azərbaycan Prezidenti üç həftə əvvəl Laçında özünün və dövlətimizin qəti mövqeyini bəyan edib: “Ermənistanla beynəlxalq şərtlər əsasında sülh müqaviləsinin bağlanmasını, Naxçıvana yolumuzun açılmasını istəyirik, Ermənistan ordusunun hələ də Qarabağda qalan nümayəndələrinin oradan çıxarılmasını tələb edirik. Bütün bunlar ən yaxın zamanda gerçəkləşəcək niyyətlərdir.
Ona görə də boş yerə gərginlik ipini tarım dartmağa yox, sülhə və nizamlanmaya doğru addımlar atmağa çalışmaq lazımdır”. (AZƏRTAC)