Bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı”nda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov çıxışı zamanı deyib.
Ə.Əsədov bildirib ki, Ulu Öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir.
"Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Biz də Ulu Öndərin əziz xatirəsinə öz böyük hörmət və ehtiramımızı bildirmək üçün bu gün onun adını daşıyan Sarayda toplaşmışıq. Bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, Vətənimizin hərtərəfli inkişafına töhfələr verən insanlardır. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz Ulu Öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq", - deyə Ə.Əsədov qeyd edib.
Baş nazir bildirib ki, Azərbaycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri var.
"Ancaq Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir. 100 il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyətinə hələ gənc yaşlarında dövlət qulluğunda başlamışdır. Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsil lideri kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam,” – Ulu Öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı olan Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik hüquqi dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır", - deyə Ə.Əsədov qeyd edib. (Trend)