Bu fikirləri açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri politoloq Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, Şuşada təşkil edilən beynəlxalq konfransla paralel olaraq, ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilirdi. Bu zaman kəsiyində Prezident İlham Əliyev Nikol Paşinyana müraciət edərək önəmli nüanslara diqqət yönəltdi. Ölkəmizin məqsədi isə ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində keçirilən görüşdən konkret nəticələr əldə etmək idi. Bu da Ermənistan və region üçün faydalı ola biləcək xüsusiyyətləri özündə əks etdirir.
Bundan sonra əgər Ermənistan ölkəmizə qarşı ərazi iddialarını və Qarabağla bağlı spekulyasiyalarını davam etdirsə, növbəti atılacaq addımların məsuliyyəti onun üzərinə düşəcək. Beləliklə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, nəticədə isə qarşı tərəf öz dövlətçiliyini ciddi şəkildə sual altında qoyacaq.
“Azərbaycan qalib dövlət kimi qonşu ölkələri və beynəlxalq təşkilatları müxtəlif layihələrdə, o cümlədən “3+3” əməkdaşlıq platformasında iştirak etməyə dəvət etdi, regional sülh təşəbbüslərini irəli sürdü. Amma nədənsə bəzi ölkələr bu məsələni qıcıqla qarşıladı, faydalı geosiyasi və geoiqtisadi konfiqurasiyaları qəbul etmədilər. Bunun əksinə olaraq, bəzi qonşu dövlətlər Qarabağdakı separatçılara yardım etməyə davam etdilər, Ermənistanın sərhədlərini qorumağı özlərinə məqsəd bildilər. Bütün qeyd olunan proseslər isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması, Zəngəzur dəhlizinin açılmaması kimi suallara cavabdır. Növbəti mərhələdə hansı proseslərin baş verəcəyi qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan hakimiyyətinin atacağı addımlardan asılı olacaq.
Rəsmi Bakının sülh addımları davam edəcək, çünki Azərbaycan yeni müharibə istəmir. Əvəzində isə bölgədə sülhün bərqərar olması və inkişafı dövlətimizin əsas prioritetlərindəndir. Avrasiyada baş verən dəyişikliklər köklü şəkildə bölgədə yeni nizamın qurulmasına yönəlib. İlk növbədə, məhz bölgədəki ölkələr fikirləşməlidirlər ki, regional sabitlik onlar üçün də hava və su qədər vacibdir. Buna görə də həmin ölkələr sabitliyin qorunması üçün əllərindən gələni etməlidirlər. Bu isə o anlama gəlir ki, Ermənistana dəstəkdən çəkinmək və separatçılığın qarşısını almaq üçün fəaliyyətlər həyata keçirilməlidir. Hər halda hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək”,-deyə Z.Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, Şuşa konfransında xarici ölkələrin beyin mərkəzlərinin, ekspertlərinin iştirakı və onların bir daha bölgə həqiqətlərini eşitmələri xüsusi əhəmiyyətə malik idi. Azərbaycan Prezidenti belə tədbirlərdə regionda baş verən prosesləri olduğu kimi dünyaya çatdırır.
Avropanın hazırda enerji təhlükəsizliyi əsasən Azərbaycanla bağlıdır. Bu məsələni Qərbdə də çox yaxşı başa düşürlər. İndiki halda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində də ölkəmiz vacib rol oynayır. Bundan əlavə, Azərbaycanın təqdim etdiyi siyasi, iqtisadi, mədəni və digər layihələr böyük dividendlər qazanmaq, hazırkı maliyyə böhranının arada qaldırılması və onun yumşaldılması üçün çox önəmlidir.("AZERTAC")