Məqalədə Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin başa çatması haqqında məlumat verilir. Yazıda bildirilir ki, Azərbaycan Ordusu qısa vaxt ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyib, çoxlu şəhər və kəndləri çoxillik erməni işğalından azad edib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağın incisi olan Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusu kapitulyasiya edib, Azərbaycanla atəşkəsə dair sənəd imzalamağa hazır olduğunu bildirib.
Sonra məqalədə qeyd edilir: “Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Ermənistanda praktiki olaraq qisasçı bəyanatlar səslənib, onlar yeni müharibəyə və öz nöqteyi-nəzərlərindən itirilmiş ərazilərin qaytarılmasına dair çağırışlar ediblər. Erməni diasporu bütün dünyada, xüsusən Fransa və ABŞ-da öz lobbiçilik fəaliyyətini genişləndirib, Azərbaycanı “təcavüzkar” kimi qələmə verməyə çalışır. 2020-ci il noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Bu sənəddə sanksiyalar tətbiq edilməsi tələb olunur. Bu, Bakının İrəvana qarşı xoş məramına görə ermənilərin “sağ ol” deməsidir.
Üçtərəfli Bəyanatın imzalanmasından iki il sonra Ermənistan iki ən mühüm müddəanı yerinə yetirməyib, qanunsuz erməni hərbi birləşmələri hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmayıb. Eyni zamanda, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin edəcək kommunikasiya təşkil edilməyib. Ən təhlükəli olanı isə, İrəvanın həmin üçtərəfli Bəyanata istinad edərək Ermənistanı etnik ermənilərin yaşadığı Qarabağın bir hissəsi ilə birləşdirən Laçın yolundan bölgənin silahlandırılması üçün istifadə etməsidir. Uzun sürən iki il ərzində Qarabağa qanunsuz olaraq silah-sursat, hərbi texnika, minalar, diversiya qrupları, hətta bəzən üçüncü ölkələrin vətəndaşları göndərilib.
2021-ci ilin dekabrında Fransa prezidentliyinə əsas namizəd Valeri Pekress bir neçə fransız deputatın müşayiəti ilə qanunsuz olaraq Xankəndi şəhərinə gedib, orada Azərbaycan əleyhinə şüarlar səsləndirib. Məgər bu mümkündürmü? Avropa ölkəsinin prezidentliyə namizədi qanunsuz şəkildə suveren dövlətin ərazisinə soxulur, orada seçkiqabağı kampaniya aparır. Erməni diversantlarının əvvəllər həmin Laçın yolundan gətirdikləri minaları quraşdıraraq Azərbaycan torpaqlarında diversiya fəaliyyətini sülh gündəliyi ilə necə əlaqələndirmək olar? 2021-ci il iyunun 4-də iki Azərbaycan jurnalisti Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinin yaxınlığında getdikləri maşında minaya düşərək həlak olublar. Erməni silahlı qüvvələri ölkə ərazisinin minalanması vasitəsilə Azərbaycan vətəndaşlarına qarşı cinayət əməllərini davam etdiriblər ki, bu da əsas beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Erməni həyasızlığının ən eybəcər nümunəsi isə erməni mənşəli qaçqın Rusiya milyardçısı Ruben Vardanyanın meydana çıxması və özünü Qarabağ ermənilərinin təmsilçisi adlandırmasıdır. O, həmin əraziyə yenə də həmin Laçın yolu ilə gəlib.
Yuxarıda sadalananlar göstərir ki, Ermənistan sülhü yalnız sözdə istəyir, əməldə isə regionda sabitliyi pozmaqda davam edir. Əlbəttə, azərbaycanlı ekoloji fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə mədənlərin qanunsuz istismarına qarşı etiraz etdikdə, Ermənistan tərəfindən tənqid seli başladı. Başqa cür ola da bilməz. Axı Azərbaycan ekofəalları öz hərəkətləri ilə Laçın yolundan istifadə edərək Qarabağda Azərbaycanın qarət edilmiş təbii ehtiyatlarını Ermənistana daşımasında İrəvana mane olurlar. Bu, bir daha sübut edir ki, Ermənistan Laçın yolundan heç də üçtərəfli Bəyanatda təsbit edilmiş humanitar məqsədlər üçün istifadə etmir.
Azərbaycan rəhbərliyinin və xalqının səbri sonsuz deyil. İrəvanın məsələləri sülh yolu ilə həll etmək üzrə istəkli olmadığını görən Bakı öz sərhədini nəzarətə götürmək kimi suveren hüququndan istifadə etdi: aprelin 23-də Ermənistanın Azərbaycan ərazisinə canlı qüvvə, silah-sursat, minalar, həmçinin hərbi təyinatlı digər vasitələr göndərməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quruldu. Bununla da İrəvanın Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirmək, sülh sazişinin imzalanmasını gecikdirmək planlarına son qoyuldu.
Ermənistan Qarabağda etnik ermənilərin hüquqları ilə möhtəkirlik edir, bununla öz çirkin məqsədlərinə çatmaq istəyir və regionda qanunsuz fəaliyyətini davam etdirir. Azərbaycan isə etnik erməniləri multikultural, tolerant cəmiyyətə inteqrasiya etməyə hazırdır və dövlət başçısı bunu dəfələrlə bəyan edib. Ölkədə çoxlu etnik qruplar yaşayır, onlar bərabər hüquqlara və imkanlara malikdirlər. Azərbaycanın hakimiyyət orqanları Qarabağın erməni icmasının nümayəndələrini iki dəfə Bakıda görüşə dəvət edib, lakin bu vaxta qədər müsbət cavab alınmayıb.
Bu səbəbdən Qarabağda etnik ermənilərin gələcəyi ilə bağlı narahatlıq keçirən İrəvan Qərbi Azərbaycan İcması barədə də düşünməlidir. Bu İcma hazırda əsrlər boyu azərbaycanlıların tarixi Vətəni olmuş və bu gün Ermənistan adlanan ərazilərdən qovulmuş insanların hüquqlarının müdafiəsi ilə məşğul olur. Ermənistan hökumətində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı narazılığını ifadə edən şəxslər bu suala cavab verə bilərmi? Ermənistan azərbaycanlı qaçqınlara öz tarixi torpaqlarına qayıtmaq üzrə qanuni hüquqlarını və bundan sonra onların Azərbaycanla maneəsiz əlaqəsini təmin edə bilərmi? Düşünürəm ki, bu sualın cavabı məlumdur. Bu səbəbdən yekun olaraq söyləmək mümkündür ki, Azərbaycanın hərəkətləri məntiqli və əsaslıdır. Ermənistan qisasçı şüarları və sözdə “böyük Ermənistan” xəyallarını geridə buraxaraq, öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir, çünki situasiyanı dəyişmək artıq mümkün olmayacaq. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıdı və indi İrəvan Prezident İlham Əliyevin sülh təşəbbüslərini qəbul etməli, beynəlxalq hüquqa əsaslanan dayanıqlı sülhə nail olmaq üçün konstruktiv danışıqlara başlamalıdır. Regionu sülhə və tərəqqiyə məhz bu yol apara bilər”.("AZERTAC")