21.09.2024, 09:25
AZ EN
24.01.2024, 10:06 234

Ermənistan Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan çıxarır

XƏBƏRLƏR

Ermənistan hökuməti konstitusiya dəyişikliyi ilə bağlı hökumətdaxili müzakirələrini açıq müstəviyə çıxarıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında geniş məlumatlar yayılıb. Bildirilir ki, Baş nazir Nikol Paşinyan konstitusiyaya dəyişikliklə bağlı planların qısa müddətdə həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

"Hraparak" qəzetinin yaydığı məqalədə deyilir ki, Paşinyan yeni konstitusiyanın qəbul edilməsini Azərbaycan tərəfinin tələbi ilə əsaslandırıb. Qəzet yazır ki, Paşinyan hökumətin qapalı iclasında "Ermənistanı geosiyasi və regional şəraitdə daha rəqabətli dövlət kimi görmək istəyiriksə da ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiya olmalıdır. Bu halda ölkənin geosiyasi müstəvidə imkanları genişlənəcək" deməklə 44 günlük müharibədən sonra yaranmış vəziyyəti nəzərə almaq məcburiyyətində olduğunu etiraf edib. O, bununla demək istəyir ki, Azərbaycan sülh müqaviləsi üçün Ermənistanın konstitusiyasını dəyişdirməsini tələb edir: "İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib. Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır ki, müqavilə bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmasın".

Xatırladaq ki, Ermənistan konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları əks olunub. Bir meddət əvvəl Nikol Paşinyan "Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyac var" söyləmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər