21.11.2024, 20:03
AZ EN
10.04.2023, 15:10 239

Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda gömrük xidməti polkovnikidir

XƏBƏRLƏR
  • Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov olub.

Ülvi Zülfüqarov Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.

Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun Kolanı kənd orta məktəbinin məzunu olmuş Ülvi Zülfüqarov 2001-ci ildə imtahanda 691,25 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2008-ci ildə universitetin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

Ülvi Zülfüqarov Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır: “Dekanlıqdan çağırdılar və bildirdilər ki, Prezident Aparatının (indiki Prezident Administrasiyasının) binasında yüksək bal toplamış tələbələrlə görüş gözlənilir. Tədbirə gedənə qədər Ulu Öndərlə görüş olacağını heç təsəvvürümə gətirə bilmirdim. Ancaq Prezident Administrasiyasına gedəndən sonra oradakı ab-havadan başa düşdüm ki, Ulu Öndər də tədbirdə iştirak edəcək.

Hər birimiz başa düşürdük ki, minlərlə tələbə arasından 25 nəfər seçilərək ölkə başçısının diqqətinə, etimadına layiq görülüb, onunla görüşmək şərəfinə nail olub. Bu baxımdan çalışırdıq ki, dərslərimiz, nizam-intizamımız da qaydasında olsun. Davranışımızla sübut edək ki, biz bu ada, Prezidentin inamına layiqik.

2002-ci ildə Ulu Öndər Naxçıvana sonuncu dəfə səfərində bizim kəndimizdə də oldu. Yerli sakinlərlə, o cümlədən mənim atamla da görüşdü. Atam Vaqif Zülfüqarov uzun illər Kolanı kənd orta məktəbində müəllim işləyib. Həmin görüş bizim ailəmiz üçün bu gün də ən əziz tarixlərdən biridir”.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlayan Ülvi Zülfüqarov 18 ildən artıqdır ki, dövlət qulluğunda çalışır. O, 2005-ci ildə prokurorluq orqanlarına keçirilən imtahanlarda yüksək nəticə göstərərək işə qəbul olunub. Naxçıvan şəhər prokurorluğunda prokuror köməkçisi, böyük müstəntiq vəzifələrində işləyib. 2008-ci ildə həqiqi hərbi xidmətə getməklə əlaqədar öz ərizəsi ilə prokurorluq orqanlarında xidmətinə xitam verilib.

2009-cu ildə hərbi xidmətdən qayıdıb, gömrük orqanlarına xidmətə qəbul olunub. Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, İstintaq idarəsinin rəisi vəzifələrində çalışıb. Hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi vəzifəsində fəaliyyətin davam etdirir.

2012-ci ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ülvi Zülfüqarov karyerasının bütün mərhələlərində Prezidentin dəstəyini, diqqətini hiss etdiyini bildirib.

“Ulu Öndərin bizə verdiyi xeyir-duanın təsirini əyani şəkildə yaşamışam. Bu diqqətə, qayğıya layiq olub, Vətənə, xalqa, dövlətə bacardığımız qədər fayda vermək borcumuzdur. Əgər gənclər, abituriyentlər, tələbələr Prezident təqaüdü almaq istəyirlərsə, bunu qarşılarına hədəf qoysunlar. Hər şey istəməkdən başlayır. Əziyyət çəkməkdən qorxmasınlar. Zəhmət çəkirsənsə, nəticəsi olur. Gənclər Ulu Öndərin həyatına baxıb onun vətən, xalq sevgisindən nümunə götürsünlər”, - deyə Ülvi Zülfüqarov söyləyib. (AZƏRTAC)

Oxşar xəbərlər