Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tanınmış musiqiçi 1995-ci ilin martında Türkmənistanda keçirilmiş beynəlxalq müsabiqədə müstəqil Azərbaycanı pianoçu kimi təmsil etdiyini deyib. Qeyd edib ki, mötəbər musiqi yarışında III yeri tutaraq müsabiqənin laureatı kimi doğma Bakıya qayıtdıqdan sonra daha bir qürurverici hadisə ilə qarşılaşıb. Belə ki, 1995-ci il aprelin 8-də Bakı Musiqi Akademiyasında Azərbaycan Prezidenti Heydər Əliyevin beynəlxalq müsabiqələrin qalibləri ilə görüşü keçirilib. Həmin görüşdə çıxış edən Ümummilli Lider Heydər Əliyev qalibləri təbrik edərək deyib: “Öncə mən bizim gənc istedadları təbrik edirəm. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir. XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçib. Xüsusən incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranıb. Bu sahədə də şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. Əsasını mərhum Üzeyir Hacıbəylinin qoyduğu böyük bir məktəb. Bu məktəb əsrin əvvəlində yaranıb. İndi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəklərə qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük təsir etdiyini görürük və bunun şahidiyik”.
Gülnarə Səfərova qeyd edib ki, görüş zamanı Heydər Əliyevin səsləndirdiyi fikirlər xalqımızın Ümummilli Liderinin Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə bəslədiyi yüksək və həssas münasibətin təzahürü olub.
Ulu Öndər Heydər Əliyevlə görüş zamanı fortepianoda klassik əsər ifa etdiyini vurğulayan Gülnarə Səfərova bildirib: “Məni təbrik edən zaman Ulu Öndər mənimlə ifa etdiyim əsər haqqında da danışdı. Musiqiçi olmadığına baxmayaraq, onun klassik janrda yaradılan əsərin incəliyini duyması məni həqiqətən də heyran etdi. Məndən harada çalışdığımı da soruşdu. Bakı Musiqi Akademiyasında gənc müəllim kimi çalışdığımı biləndə mənə pedaqoji fəaliyyətimdə də uğurlar arzuladı. Dedi ki, musiqi təhsilində yeni metodikanın yaradılması ilə Azərbaycanın adının dünyaya daha geniş yayılmasını arzu edir. Artıq həmin görüşdən 25 ilə yaxın müddət keçib. Amma həmin günlə bağlı xatirələri indiyədək unutmamışam. Hazırda Vətənimdən uzaqda olsam da, Azərbaycanı Yaponiyada layiqincə təmsil etməyə və Ulu Öndərimiz Heydər Əliyevin verdiyi tövsiyələri peşəkar musiqi fəaliyyətimdə gerçəkləşdirməyə çalışıram”. (AZƏRTAC)