Aksiyada Su Ehtiyatları Dövlət Agentliyi və nazirliyin digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğı bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu çərçivədə FHN-in Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10 mindən çox Eldar şamı və sərv ağacı tingləri yetişdirilib. Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.
Yanvarın 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb və bu günə qədər artıq 2625 ağac əkilib. Bunların da 1930-u sərv, 695-i isə Eldar şamıdır. Fevralın 15-də daha 700 ağac əkilib.
Qeyd edək ki, mayadək davam edəcək aksiya çərçivəsində 10 min ağac əkilməsi nəzərdə tutulur. (AZƏRTAC)