Ulu Öndər Heydər Əliyev xalqımızın ağır günündə - torpaqlarımızın işğal edildiyi, qaçqınlığın, köçkünlüyün geniş miqyas aldığı bir vaxtda respublikada siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz öhdəsinə götürdü. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildikdən az sonra respublika pezidentinin dövlət idarəçiliyini buraxıb öz kəndinə qaçması ilə əlaqədar parlament onun da səlahiyyətlərinin icrasını Heydər Əliyevə həvalə etdi... İctimai-siyasi vəziyyətin gərginliyinə və mürəkkəbliyinə baxmayarq Ulu Öndər, ilk növbədə, məcburi köçkünlərlə görüşməyi vacib saydı. O, 1993-cü il iyulun 25-də Bərdə rayonuna gedərək, bir neçə gün əvvəl ermənilərin işğal etdiyi Ağdam şəhərindən və rayonun bir sıra kəndlərindən didərgin düşən insanlarla görüşdü...
Əvvəlcə Bərdə Rayon İcra Hakimiyyətinin binasında hökumət üzvlərinin iştirakı ilə operativ müşavirə keçirildi. Ağdamlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, maddi və tibbi ehtiyaclarının qarşılanması məsələləri müzakirə olundu, müvafiq tapşırıqlar verildi.
Ulu Öndər Heydər Əliyev rayon icra hakimiyyəti binasını qarşısındakı meydana toplaşmış əhalinin nümayəndələri ilə görüşdü, mövcud vəziyyət barədə onlarla açıq söhbət apardı. Məcburi köçkünlər ölkə rəhbərinə qarşılaşdıqları problemlər haqqında məlumat verməklə yanaşı, ona böyük inam bəslədiklərini bildirdilər, bütün qüvvələrin vahid bir cəbhədə birləşməsinin, təxribatçı dəstələrin cinayətkar hərəkətlərinə qətiyyətlə son qoyulmasının, orduda ciddi nizam-intizam yaradılmasının vacibliyini qeyd etdilər.
Heydər Əliyev Bərdə rayonunun Şirvanlı və Kətəlparaq kənd orta məktəbində, Ağcabədiyə gedərkən Təzəkənd kəndində, Ağcabədi şəhər 6 saylı uşaq bağçasında da məcburi köçkünlərlə görüşüb söhbətləşdi. Yurd-yuvasını itirmiş insanların ən ümdə arzusu Azərbaycanın bu müsibətdən xilas edilməsi idi. Şəxsi məsələlər və problemlər nə qədər üstünlük təşkil etsə də, xalq üçün heç nə vətəndən daha önəmli deyildi. Məcburi köçkünlər öz himayədarına, Ulu Öndərə böyük ehtimad göstərir, sosial problemlərinin həllini tapacağına əminlik hissi duyurdular.
Ulu Öndər yerlərdəki görüşlər zamanı xalqı birləşməyə, səfərbər olmağa, vətənin xilası uğrunda mübarizə aparmağa səsləyir, millətə vətənpərlik hisləri aşılayırdı. Xalqın da tək ümidi və sığınacaq yeri məhz ümumilli lider Heydər Əliyev idi. Onun hər kəlməsi bu diyarın övladlarına güc verir, mübariz olmağa sövq edirdi. Xalqın niyyəti o idi ki, işğala, təcavüzə son qoyulsun, düşmən ölkədən çıxarılsın və nəhayət, əmin-amanlıq yaransın. Təbii ki, o dövrdə xalqın bu düşüncələri və niyyətinin əsas təməli onlara sahib çıxan və öz himayəsinə götürən şəxsin olması ilə birbaşa bağlı idi.
Məcburi köçkünlərlə görüşlərdən sonra Heydər Əliyev Bərdədə parlamentin və Nazirlər Kabinetinin rəhbər işçilərinin, əlaqədar nazirliklərin, şirkətlərin, konsernlərin, rayon icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirə keçirdi. Müşavirədə Ağdamın işğalı ilə əlaqədar bölgədə yaranmış vəziyyət, köçkünlərin problemlərinin həlli və müdafiə sahəsində görüləcək tədbirlər müzakirə edildi, bunlarla əlaqədar müvafiq tapşırıqlar verildi.
Ulu Öndər Heydər Əliyev müşavirəni yekunlaşdırarkən dedi: “...Müqəddəs torpaqlarımızın işğalı adamlarımızı sarsıtmamalıdır və hamı inanmalıdır ki, gec-tez düşmən bu torpaqlardan çıxarılacaq və öz layiqli cavabını alacaqdır!”
Aytac ƏLİYEVA