Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olublar. Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə RİH başçısı Vaqif Həsənov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər natiqlər çıxış edərək Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.
Hazırladı: Mina RƏŞİD