Xalqımızın çoxminillik tarixində yetirdiyi ən qüdrətli milli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycanın bəşəriyyətə bəxş etdiyi nadir tarixi şəxsiyyərdir. Sovet imperiyası şəraitində öz ölkəsini müstəqillik epoxasına hazırlamaq, qazanılmış suverenliyi qoruyub möhkəmləndirmək, Azərbaycanın yeni dünya düzənində layiqli yerini təmin etmək, bir sözlə, daxildə və xaricdə xalq və dövlət adına qazandığımız yaxçı nə varsa hamısı bu dahi şəxsiyyətin adı ilə qırılmaz surətdə bağlıdır.
Xalqımızın taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərən Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, ucalığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyyəti də təkcə bu günlə məhdudlaşmır, həm də uzaq gələcəyə ünvanlanmışdır. Bu nəhəng insanın kim olduğunu dostlarımız yüksək qiymətləndirir, düşmənlərimiz isə etiraf edirdilər.
Ulu öndər Heydər Əliyev titanik fəaliyəti ilə bugünümüzü və gələcəyimizi öz əzəmətli ideya və əməllərinin nuru ilə işıqlandırırdı. Bu tale ulduzu bu gün də gələk uğurlarımızın səmt ulduzu kimi Azərbaycan varlığına işıq saçır. Azərbaycan bu gün dünya miqyasında inamla irəliləyir. İndi üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqları ilə yanaşı dalğalanır, Dövlət himnimiz Ankarada, Vaşinqtonda, Moskvada Londonda, Parisdə, Pekində, Qahirədə – xarici aləmdə təntənə ilə səslənir.
Azərbaycanın ümummilli liderinin adı uzun illərdir ki, beynəlxalq aləmdə böyük hörmətlə çəkilir, dövlət xadimləri onun şəxsiyyətinə yüksək qiymət verirlər. ABŞ-ın keçmiş prezidenti Bill Klinton “Heydər Əliyev təkcə Azərbaycanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir”, deməklə Heydər Əliyev şəxsiyyətinin bəşəri miqyasının konturlarını dəqiq çəkmişdir. Bu ölkənin başqa bir prezidenti – Corc Buş isə bildirirdi ki, “Heydər Əliyevdən öyrənmək lazımdır”.
Türkiyənin ordu generalı Doğan Günəşin demiş olduğu aşağıdakı sözlər xalqımızın böyük oğlunun Türk dünyasının öyünc və şərəf ünvanı olduğunu ifadə edir: “Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışdır. Heydər Əlirza oğlu o böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü çirkabdan çıxardığı kimi, Heydər Paşa da Azərbaycanı bu bəladan qurtaracaq”.
Ukrayna Respublikasıınn keçmiş prezidenti Leonid Kuçmanın verdiyi qiymətdən də ulu öndərin region, Avropa və bütövlükdə, dünya çevrəsində oynadığı rol, daşıdığı çəki aydın görünür. “Heydər Əliyev Zaqafqaziya regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan Azərbaycanın şöhrətini öz fəaliyyəti ilə artırmışdır. O, dünya miqyaslı dövlət xadimidir”. BMT-nin keçmiş katibi Kofi Annan bütün dünyaya bəyan etmişdi: “Dünyanın görkəmli dövlət xadimi kimi tanınan Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası yaxın gələcəkdə ən inkişaf etmiş ölkələrdən birinə çevriləcək”. Fransanın keçmiş prezidenti Jak Şirak bildirmişdi ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanı böyük gələcək gözləyir.
Özbəkistan Respublikasının keçmiş prezidenti İslam Kərimov özünə ustad saydığı böyük dostu haqqında ürək genişliyi ilə demişdi: “Kimin xoşuna gəlsə də, gəlməsə də, bu gün dünya Heydər Əliyevə böyük hörmətlə yanaşır, onu tanıyır və o, Azərbaycanın nüfuzunu bütün dünyada yüksəldən qanuni liderdir”.
Qazaxıstan Respublikasının keçmiş prezidenti Nursultan Nazarbayev də türk dünyasının sevimli lideri haqqında qiymətli fikir söyləmişdi: “Heydər Əliyev xalqı sıx birləşdirməyə və onu tərəqqi, inkişaf yoluna istiqamətləndirməyə müvəffəq olmuşdur. Buna müasir tarixdə, əslində, heç kəs nail olmamışdır”. Moskva şəhərinin keçmiş meri Yuri Lujkov da keçmiş sovet xalqlarının hədsiz ehtiram göstərdiyi unudulmaz insana heyranlığını belə açıqlamışdı: “Heydər Əliyev zəkasına, məsələləri işgüzarcasına, təmkinlə həll etmək bacarığına görə seçilən şəxsiyyətdir”.
Belə parlaq və xoşməramlı qiymətlər kifayət qədər çoxdur. Maraqlısı odur ki, ulu öndərin nadir tarixi şəxsiyyət olduğunu təkcə onun görüşüb yüksək təəssürat bəxş etdiyi liderlər, görkəmli dünya siyasətçiləri, xalqımızın dostları və xeyirxahlarımız deyil, açıq düşmənlərimiz və bədxahlarımız da etiraf edir, özlərinə belə bir rəhbər arzu edirdilər. Düşmənlərimiz Heydər Əliyev şəxsiyyətinin qüdrəti və əzəməti qarşısında lərzəyə düşürdülər. Ulu öndər bütün dünya azərbaycanlılarının Prezidenti sayılırdı. Onun həm də Türk dünyasının böyük lideri rolunu öz üzərinə götürməsi bədxahlarımızı qorxudur, ehtiyatlandırırdı.
Tarixdə dövətçiliyin nə olduğunu bilməyən, Bizans və İranın əlində oyuncaq olan xəyanətkar ermənilər üçün “Böyük Ermənistan” xülyası yaradanlardan biri, xalqımızın qəddar düşməni, əli xocalılıların qanına batmış Zori Balayan deyirmiş: “Dünya terror təşkilatının və kilsənin gücündən istifadə elərək Heydər Əliyevi aradan götürməliyik. Heydər Əliyevin hakimiyyəti 2000-ci ilə kimi davam edərsə, biz azərbaycanlılardan nəinki Qarabağın, hətta Zəngəzurun, vaxtilə azərbaycanlıların yaşadıqları digər ərazilərin boşaldılması tələblərini eşidəcəyik. Bu isə bütün Ermənistanın məhvi deməkdir”.
Ermənistanın keçmiş rəhbərlərindən olan, Heydər Əliyevin kimliyinə bütün ermənilərdən artıq bələd olan Karen Dəmirçiyan isə düşüncəsi millətçiliklə zəhərlənmiş xalqına belə bir gerçəyi anlatmaq istəyirmiş: “Ey mənim sevimli millətim! Bilin ki, XX əsrdə türklər iki böyük şəxsiyyət yetişdirib - Mustafa Kamal Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır. Bilin! Nə qədər o sağdır, biz nə Qarabağı, nə də başqa əraziləri ala bilməyəcəyik. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərdə onu Bakıya gətirəcək və bununla da sizin düşündüyünüz arzulara son qoyulacaq”.
Maraqlıdır, Heydər Əliyevin varlığından qorxub, lərzəyə düşənlərin hər ikisi erməni cəmiyyətinin iki mühüm zümrəsinə mənsub idi. Biri damarlarında qan əvəzinə, zəhər, nifrət axan üzdəniraq “ziyalı”, ikinci isə “siyasətçi və dövlət xadimi”.
Bütün bu deyilənlərdə göründüyü kimi, ulu öndər müdrik insan, güclü tarixi şəxsiyyət idi. Məhz onun xalqına hərtərəfli xidmət etmək potensialı – iti ağlı, siyasi uzaqgörənliyi, misilsiz cəsarətli, milli qeyrəti hesabına doğma Azərabycanımız bugünkü yüksək inkişafa nail olmuş, müşkül görünən problemlərini də aradan qaldırmışdır. Ümummilli lider Heydər Əliyev Ermənistanın quldur silahlı dəstələri tərəfindən işğal olunmuş doğma torpaqlarımızın sülh yolu ilə geri qaytarılması uğrunda gərgin diplomatik siyasət aparırdı. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması Prezident Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətin ana xəttini təşkil edirdi.
Ulu öndərin yaratdığı möhkəm təməllər və təminatlar üzərində 2020-ci ilin payızında onun ən layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan xalqını möhtəşəm dəmir yumruq halına gətirərək amansız, qəddar düşmənin başına endirdi. Qarabağı quzğun və goreşən kimi xarabazara çevirmiş Ermənistanın quldur və qarətçi ordusu diz çəkdürülərək ölkəmizdən qovuldu. Qarabağ zəfəri milli tariximizə xalqımızın tale ulduzu Heydər Əliyevin arzu və əməllərinin nur saçdığı yolda qazanılmış ən böyük qələbə kimi yazıldı. Bu ulduz həmişə uğurlar yolumuza bələdçilik edəcək.
Yunis HÜSEYNOV,
tarix üzrə fəlsəfə doktoru,
Şuşadan məcburi köçkün
"Xalq qəzeti", 07.07.2023.