AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin “Bakı Metropoliteni”nin inkişafındakı müstəsna xidmətlərinə nəzər salır.
Həmin dövrdə qazma işləri 6.3 km uzunluğu olan “Nərimanov-Neftçilər” sahəsində aparılırdı. Lakin metro inşaatı birbaş SSRİ-nin aidiyyəti mərkəzi qurumlarının səlahiyyəti və nəzarətində idi. Yeraltı xətlərin uzadılması üzrə işlər davam etsə də, Bakının ağır hidrogeoloji şəraiti, metro inşaatının mürəkkəblikləri və maliyyə məsələləri əsas gətirilməklə bu prosesin ləngidilməsinə çalışanlar kifayət qədər idi. Lakin 1969-cu ilin iyul ayından respublika partiya təşkilatına rəhbərlik etməyə başlayan Heydər Əliyevin birbaşa nəzarəti ilə tikinti işləri daha geniş vüsət aldı.
Açılış mərasimi münasibətilə 1970-ci ilin aprelin 17-də təşkil edilən tədbirdə Heydər Əliyev “Ulduz” stansiyasının Bakı zəhmətkeşlərinə şanlı metro inşaatçılarının gözəl hədiyyəsi olduğunu dedi.
Heydər Əliyev metro inşaatçılarının üzərinə mürəkkəb vəzifə düşdüyünü, lakin bunu yeni böyük əmək qələbəsi və tuneltikmə texnikasının təkmilləşdirilməsi baxımından irəliyə doğru yeniliklərlə başa vurduqlarını vurğuladı.
“Yaradıcı təxəyyülünüz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan verib. Böyük razılıq hissi ilə qeyd edirik ki, qarşınıza qoyulan məsul vəzifənin öhdəsindən gəlməklə bərabər, Vətənimizdə metro tikintisi təcrübəsini bir sıra yeni üsullarla zənginləşdirmisiniz. İndi həmin üsullardan başqa şəhərlərdə metropolitenlərin tikintisində müvəffəqiyyətlə istifadə olunur. Bakıda metropoliten tikintisi ölkəmizdə xalqlar dostluğunun canlı və böyük qüvvəsinə daha bir misaldır. Bütün müttəfiq respublikaların 150-dək müəssisəsi buraya avadanlıq, aparatlar və kabel məhsulları göndərib. Nəqliyyat Tikintisi Nazirliyi, Baş Tunel Metro Tikintisi İdarəsi, Moskva, Leninqrad (indiki Sankt-Peterburq – red.), Kiyevin metro inşaatçılarının qardaş kollektivləri şəhərimizdə metro tikintisinə böyük yardım göstərib və göstərirlər”, - deyə Ümummilli Lider Heydər Əliyev əmin olduğunu bildirib ki, metro inşaatçıları dövrün çağırışlarına cavab olaraq tikinti-quraşdırma işlərini müvəffəqiyyətlə və yüksək keyfiyyətlə görəcək, yeraltı tikinti texnikasının səviyyəsini daha da yüksəldəcək, qazmanın sürətini daha da artıracaqlar.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birbaşa rəhbərliyi dövründə, onun Moskvada SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı müddətdə yaxından dəstəyi sayəsində və daha sonra müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə “Bakı Metropoliteni”nin inşasında əvəzsiz xidmətləri olub. Təkcə onu demək yetər ki, 2003-cü il üçün istifadədə olan 31,5 kilometrə bərabər metropoliten xətlərinin 22,3 kilometri, o cümlədən 14 metro stansiyası məhz Ulu Öndərin birbaşa iştirakı və dəstəyi ilə inşa olunub. Bu əvəzsiz xidmətlər heç vaxt unudulmayacaq.