Qeyd edək ki, filmin ideya müəllifi və rejissoru beynəlxalq dərəcəli fotoqraf Fərqanə Qasımlıdır. “Xalq qəzeti”nə açıqlamasında Fərqanə xanım bildirdi ki, filmdə fotoqraf və və fotomüxbirlərin Ulu öndər Heydər Əliyevlə bağlı xatirələri və çəkdikləri nadir fotolar aparıcı yer tutur. Rafael Qənbərov, Rafiq Bağırov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Dilavər Nəcəfov, Rasim Sadıqov və digər media mənsublarının təqdim etdikləri fotolar dahi rəhbərin xalq naminə misilsiz fəaliyyətinin ən müxtəlif məqamlarına işıq salır.
Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğu 10 il ərzində onun rəsmi və qeyri-rəsmi fotolarını çəkən fotomüxbirin xatirələri tamaşaçını Heydər Əliyevin çoxşaxəli, qaynar fəaliyyəti ilə daha yaxından tanış edir. Film Ulu öndərin həm Naxçıvanda Ali Məclisin sədri, həm də Bakıda Ali Sovetin sədri və Prezident olduğu dövrlərdəki fəaliyyətini əks etdirən məşhur fotoları, onların tarixçəsini əhatə edir. Sənədli filmdə cəmiyyətə ilk dəfə təqdim edilən maraqlı arxiv fotoları da var. Çəkilişlərinin Azərbaycanda və Gürcüstanda aparıldığı “Fotoları danışdı“ sənədli filmi Ümummilli liderin ölməz xatirəsinə layiqli töhfədir.
Hazırladı: Mina RƏŞİD