Sabir Yusif oğlu Məmmədov Birinci Qarabağ savaşında cəbhəyə yollanaraq Vətənin müdafiəsində yaxından iştirak edib. 1992-ci ildən başlayaraq müxtəlif döyüş bölgələrində batalyon komandirinin müavini və qərargah rəisi kimi xidmət edib. Ön cəbhədə 5 il fəaliyyətdən sonra 1997-ci ildə ordudan tərxis olunub.
Deyir ki, qanlı-qadalı cəbhə xatirələri çoxdur. Amma onun yaddaşında ən çox iz buraxan hadisə Ümummilli Liderin ön cəbhəyə səfəri zamanı, onunla səngərdə görüşməsidir.
“Həmin şəkil 1994-cü ilin aprel ayında Füzulidə, Ulu Öndərlə cəbhədə görüşümüz zamanı çəkilib. Bizim heç nədən xəbərimiz yox idi. Ümummilli Lider yaxınlıqdan keçərkən avtomobildən düşdü və əsgər-zabitlərlə görüşdü. Sonra düşmən tərəfi diqqətlə müşahidə etməyə başladı. Elə səngərdə ayaq üstə zabitlərlə 40-45 dəqiqə ərzində müşavirə keçirdi, tapşırıqlarını verdi. Heydər Əliyevlə şəklim də həmin görüş zamanı çəkilib. Orada televiziya əməkdaşları, fotoqraflar vardı. Ulu Öndər səngərdə mənə yaxınlaşdı, vəziyyətlə maraqlandı. Silahımı əlinə götürüb mənə suallar verdi. Sonra yaşayış yerimlə, ailə vəziyyətimlə maraqlandı. 5 və 6 yaşlarında iki övladımın olduğunu söylədim. Cəbhədən çox uzaqda yerləşən bir rayondan döyüşə gəldiyim üçün məni nümunəvi zabit kimi təqdim etdi. Sonra döyüş tapşırıqlarının icrası ilə maraqlandı. Ulu Öndər bütün sualların cavablarını diqqətlə dinləyir, analiz edirdi. Döyüşçülərə olduqca qayğı ilə yanaşırdı. Heydər Əliyevin cəbhə bölgəsinə səfərləri biz döyüşçülərdə böyük ruh yüksəkliyi yaratmışdı”, - deyə Sabir Məmmədov söyləyib.
Həmsöhbətimiz bildirir ki, cəbhədə Ulu Öndər Heydər Əliyevlə olan şəkillərinə muzeylərdə, qəzet və jurnallarda, bəzi rayonların girişində quraşdırılan vətənpərvərlik mövzusunda bannerlərdə rast gəlir. Veteran döyüşçü həmin anları xatırlayanda qürur hissi keçirir.
“Ulu Öndərin düşmənlə üz-üzə olan ön səngərə gəlməsi bizdə böyük ruh yüksəkliyi yaratdı. Real vəziyyəti yerində qiymətləndirən Heydər Əliyev orduda islahatlara başladı. Məhz Ümummilli Liderimiz tərəfindən əsası qoyulan güclü Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmənə qalib gələrək torpaqlarımızı azad etdi. İndi Laçında quraşdırılan sərhəd-keçid məntəqəsindən yayımlanan reportajlara baxıb qürurlanmamaq olmur. Artıq Azərbaycanın sərhədlərinin bütövlüyü təmin olunub. Bu, Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin əsas qayəsi idi. Mən xoşbəxtəm ki, Ümummilli Liderimizlə şəxsən görüşmək, söhbət etmək qismətim olub. Ulu Öndər Heydər Əliyevlə görüş qanlı-qadalı cəbhə gündəliyimin ən xoş xatirəsidir”, - deyə Sabir Məmmədov söyləyib. (AZƏRTAC)