21.11.2024, 19:36
AZ EN
26.04.2023, 16:37 182

“Heydər Əliyev İli”nə özbək yazıçının hədiyyəsi

XƏBƏRLƏR
  • Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə tanınmış özbək yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib.

Bu barədə mətbuata Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbir iştirakçıları öncə mərkəzin qarşısında Ümummilli Liderin abidəsini ziyarət ediblər, önünə tər gül-çiçək dəstələri düzüblər.

Sonra Özbəkistan Yazıçılar İttifaqının binasının foyesində Heydər Əliyevə həsr olunan kitablardan və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub. Ardınca Azərbacan-Özbəkistan dostluğuna həsr edilən qısametrajlı videorolik göstərilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb.

Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər