"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının katibi Artur Ovannisyan Kremlin təbliğatçısı Vladimir Solovyovun açıqlamasını şərh edərkən deyib: "Bu insanlar hələ də o dövrlərə ümid bəsləyirlər ki, o zaman nazirlər kənardan təyin olunur, ölkənin xarici siyasəti kənardan müəyyən edilirdi. Bütün bunlar artıq keçmişdə qalıb".
Artur Ovannisyan deyib ki, Kremlin irticaçı siyasi xəttinin təbliğatçısı rolunda çıxış edən Solovyov onun üçün şərh verməyə dəyməyəcək ən son adamlardan biridir: "Amma təəssüf ki, onun tezislərini Ermənistanda müdafiə edənlər də var. Onlar Ermənistanı Rusiyanın ucqar əyaləti kimi təsəvvür edirlər. Sonra da istəyirlər ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaranmasın. Rusiya hakimiyyəti bu adama yerini göstərmir".
Erməni deputat bildirib ki, Ermənistan müxalifəti bütün alətləri bir araya gətirib Ermənistanı Rusiyanın ucqar əyalətinə çevirməyə çalışacaq. Onun fikrincə, "əyalətçilik tərəfdarları" uğur qazanmayacaq: "Ermənistan artıq təsir zonası deyil. Kimə "stavka" qoyublarsa, uduzublar, tamamilə iflasa uğrayıblar".
Ovannisyan onu da bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması barədə səslənən fikirlər Solovyovun bəyanatlarından sonra yenidən aktuallaşıb. O, da bu məsələnin tezliklə və birdəfəlik həll edilməsinin tərəfdarı olduğunu söyləyib: "Baş nazir Nikol Paşinyan da bəyan edib ki, bu gün KTMT bizim üçün təhlükəsizlik yastığından daha çox təhdiddir, çünki lazım olan anda bizə kömək etmir. Amma biz Ermənistanın dövlət maraqları ilə irəliləyirik. KTMT-də üzvlüyümüz dondurulub və bu, digər ölkələrlə münasibətlər qurmağa maneə deyil. Hazırda çıxmaqla bağlı yekun qərar və müzakirə yoxdur".
Elxan SALAHOV