"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatının Baş Prokurorluğa istinadən yaydığı məlumatda bildirilir. Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib ki, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının hakimiyyəti zorla ələ keçirmək və terror aktı həyata keçirmək planlarının sentyabr ayında - kilsə bayramı ilə eyni vaxtda reallaşdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, qanunsuz hərəkətlərin planlaşdırılması artıq 2024-cü ilin noyabrından başlayıb və Qalstanyanla tərəfdarları zərərsizləşdirilənədək davam edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 24-də dövlət çevrilişinə hazırlıq barədə bəyanatla çıxış etmişdi. Bundan sonra bu işdə şübhəli bilinən şəxslərin axtarışı və saxlanılmasına başlanılıb. Məhkəmə arxiyepiskop Baqrat Qalstanyanı və Şirak yeparxiyasının başçısı, arxiyepiskop M.Acapaxyanı iki aylıq həbs edib.
Xatırladaq ki, ötən ilin aprelindən Ermənistanda siyasi gündəmi qəsb edən arxiyepiskop Baqrat Qalstanyan iyunun ortalarınadək İrəvanda və Tavuş vilayətində keçirilən etiraz aksiyalarının təşkilatçısı kimi tanınır. Onun valideynləri 1971-ci ilin martında İsfahan şəhərinin Şəhrestan qəsəbəsinin ərazisində yerləşən Sangibaran kəndindən indiki Ermənistanın indiki Gümrü şəhərinə köçüblər. İki ay sonra Baqrat Gümrüdə SSRİ vətəndaşı kimi doğulub. Daha sonra onlar İrəvana köçüblər. Baqrat İrəvanda, Böyük Britaniyada təhsil alıb və 2003-cü ildə Kanada Erməni Yeparxiyasının rəhbəri seçilib. O, uzun müddət Kanadada yaşadıqdan sonra yenidən Ermənistana köçərək keşiş kimi fəaliyyətini davam etdirib. Qırx dörd günlük Vətən müharibəsindən Paşinyan hökumətinə qazrşı müxalif mövqe sərgiləyən Qalstanyan hakimiyyətə qarşı mübarizənin yeni mərhləsinin payızda başlayacağını elan etmişdi. O, təxminən iki ay əvvəl etirazçı dəstələrin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında payızda keçiriləcək mitinqlərin əvvəlkilərdən fərqli olacağını və daha çox oturak aksiyalarının təşkil olunacağını söyləmişdi.
Elxan SALAHOV