"Vətən səsi" xəbər verir ki, bunu Baş nazirə qarşı impiçment prosesinin təşəbbüskarı, Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, artıq proses başlayıb və geriyə yol yoxdur: "Ermənistan Baş nazirinə qarşı impiçment prosesinin sonu yalnız bir ola bilər: qələbə”.
Mamicanyan əlavə edib ki, “Şərəfim var” fraksiyasından olan 6 deputat baş nazirə etimadsızlıq prosesinin başladılması üçün blankı imzalayıb. Onun sözlərinə görə, impiçment prosesini dəstəkləyən müxalif qüvvələri qələbəyə aparan yol bütün mümkün konstitusion vasitələrlə lazımi sayda imza toplamaqdan keçir: "Biz həmçinin informasiya, küçə təzyiqi, siyasi təzyiq və digər mübarizə üsullarından istifadə edəcəyik. Amma qanunun tələbləri çərçivəsindən kənara çıxmayacağıq və istəyimizə konstitusion vasitələrlə nail olacağıq".
Deputat əlavə edib ki, lazımi sayda imzalar toplandıqdan sonra məsələ parlamentdə müzakirəyə çıxarılacaq. Hayk Mamicanyanın sözlərinə görə, Baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6, “Ermənistan” fraksiyasının 28 deputatı imza verməyə hazır olduğunu bəyan edib.
Bununla belə, iki fraksiyanın imzaları cəmi 34 edir. Məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır. Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Başqa sözlə, Yəni Paşinyana qarşı impiçment prosesinin hüquqi qüvvə alması üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə hələlik təşəbbüsə dəstək verən yoxdur. Bu, o deməkdir ki, Ermənistan müxalifətinin Paşinyanın hakimiyyətdən uzaqlaşdırmaq üçün seçdiyi yol sadəcə, arzu olaraq qalacaq.
Xatırladaq ki, “Şərəfim var” və “Ermənistan” bloklarının liderləri Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryandır. Hələlik onların heç biri Paşinyana qarşı impiçment prosesi barədə açıqlama ilə çıxış etməyib. Bununla belə,“Şərəfim var” fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesin başladılması üçün iyunun 7-də Masis şəhərinin meri Davit Ambarsumyanın Baş nazir postuna namizədliyini irəli sürməsi də sirr deyil.
Elxan SALAHOV