02.08.2025, 07:31
AZ EN
14.05.2025, 14:53 222

Ohanyanın oğlu 44 günlük müharibə vaxtı...

XƏBƏRLƏR
  • Ermənistan Prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə istiqamətində hücumunun qarşısını almaq üçün keçirilən uğursuz əməliyyata görə ittiham edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, həmin vaxt Ermənistan ordusunda bölmə komandiri olan Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində səhlənkarlıq göstərərək xidməti vəzifələrini lazımınca yerinə yetirməyib. Bu isə kütləvi əsgər ölümlərinə və ərazi itkilərinə səbəb olub. 

Ermənistan Prokurorluğu istintaq zamanı müəyyən edib ki, Ohanyan oktyabrın 6-da Horadiz-Lələtəpə istiqamətində Azərbaycan ordusunun üzərinə hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə göstəriş alıb. Lakin tapşırığın düzgün yerinə yetirilməməsi, bölmələr arasında qarşılıqlı əlaqənin olmaması, hərəkət qaydasının pozulması, qüvvələrin nizamsız bölüşdürülməsi, sonrakı planlamanın olmaması səbəbindən yerləşdirmə yerinə xeyli az sayda canlı qüvvə və texnika gəlib ki, bu da döyüş tapşırığının uğursuzluğa uğraması ilə nəticələnib.

İstintaq prosesi zamanı o da müəyyən edilib ki, bölmənin tabor komandiri polkovnik-leytenant G.A. döyüş tapşırığında iştirak etməkdən imtina edib. O, guya silah və sursatları sayıb. Üstəlik, yuxarı komandanlıqdan icazə almadan hücuma keçən batalyonu geri çəkərək əvvəlki mövqelərinə qaytarıb. Digər batalyon komandiri G.M. isə tankla birlikdə tank əleyhinə xəndəyə aşıb. O, son anda xilas olsa da, hücumu davam etdirmək barədə tapşırığı yerinə yetirməyib.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri vəzifəsində çalışarkən Qarabağda "Ohanyan səddi" adlandırılan müdafiə xətti quran Seyran Ohanyanın oğlu Artur 44 günlük müharibə zamanı bölük komandiri kimi Azərbaycan ordusuna qarşı döyüşüb. Lakin o, müharibənin ilk günlərindən Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyərək mövqelərdən qaçmalı olub. Belə buna görə də Ermənistan Prokurorluğu sabiq nazirin komandir oğluna qarşı “hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət” maddəsi ilə cinayət işi açıb. Hazırda həmin cinayət işinin istintaqı davam edir.

Elxan SALAHOV

 

Oxşar xəbərlər