“Vətən səsi” xəbər verir ki, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb. O, üst-üstə 20 il Ermənistana rəhbərlik etmiş Robert Köçəryanı (1998-2008) və Serj Sərkisyanı (2008-2018) erməni xalqını aldatmaqda, həqiqətlərin üzə çıxdığı indiki məqamda isə “nümayəndələri” arasında gizlətməkdə ittiham edib: “Keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bu gün mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim nəşrimə etiraz edən prezidentlərin reaksiyasını səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, Nikol Paşinyan özünün “Facebook” səhifəsində Qarabağ problemi və 44 günlük müharibə barədə bəzi etiraflarını yazıb: “1994-cü ildə atəşkəs elan olunduqdan sonra bütün danışıqlar Qarabağın Azərbaycanın tərkibində olması istiqamətində gedib. Müstəqillik barədə heç vaxt danışılmayıb. Amma Ermənistan rəhbərliyi daxili auditoriyada öz mənafeyi naminə "müstəqillik" təşviqatı aparıb, həqiqət etiraf olunmayıb və xalq inanıb. 2018-ci ildə hakimiyyətə gələndən sonra danışıqların məzmunu barədə danışmadım, emosional şəkildə "arsax Ermənistandır və nöqtə "dediyimə görə təəssüflənirəm. Əgər Yerevan bir il əvvəl Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq versəydi, vəziyyətin başqa cür həllinə nail ola bilərdi. Amma Ermənistanda kim inanardı ki, bu, doğru yoldur? Bir çox qeyri-müəyyənlik olduğundan çox az insan, o cümlədən mən özüm də buna inanmırdım”.
Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentlərin arasında narazılıq yaradıb.
Elxan SALAHOV