"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti öz mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Ovik Ağazaryanın deputat mandatından məhrum edilməsinin təşəbbüskarı baş nazir Nikol Paşinyan deyil, onun həyat yoldaşı Anna Akopyan olub. Qəzetin yazdığına görə, oktyabrın sonunda Ağazaryan müsahibə verərək Anna Akopyanın sevimli blogeri Roman Bağdasaryanı rəzil adam adlandırıb.
Ağazaryan baş nazirin həyat yoldaşının tədbirinə Bağdasaryanın necə qatıldığını anlamadığını deyib. Daha sonra o, Bagdasaryanın "Ruben Vardanyanın həbsinə görə Azərbaycana minnətdaram. O, Bakı həbsxanasında ölməlidir" fikirlərini şərh edib: “Mənim efirdəki sözlərim belə bir insana qiymət vermək üçün yetərli deyil”.
Xatırladaq ki, Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Ağazaryan Azərbaycan prezident İlham Əliyevlə Nikol Paşinyanın danışıqlarının detallarını sızdırmaqda günahlandırılır. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan hələ ötən həftə açıqlama vermişdi: "Baş nazir Əliyevlə görüşün təfərrüatlarını bizə danışır, dövlət sirri olan məlumatları bölüşür. O, hər şeyi açıqlayır. Biz bir il ərzində sızmanın haradan olduğunu axtardıq. Partiya məsələləri ilə bağlı hər şey qaydasında olduğu halda, Ermənistanın təhlükəsizlik məsələlərində belə deyildi. Biz sızdırmanın kimin tərəfindən edildiyini bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, razılaşmalar pozulub, məlumatlar sızdırılıb”.
"Hraparak" qəzeti isə iddia edir ki, Ağazaryan Azərbaycan və Ermənistan liderlərinin hazırda Bakıda həbsdə olan erməni separatçılarının birinin - Ruben Vardanyanın həbsdən azad edilməsinin mümkünlüyü barədə qısa söhbətini sızdırıb və buna görə parlamentdən qovulub.
Elxan SALAHOV