Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”, - E.Makron bildirib.
Fransa lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir:
"Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".
E.Makron fevralın 12-də Ermənistanla şərti sərhəddə azərbaycanlı hərbçinin yaralanmasından təəssüfləndiyini vurğulayıb.
"Fransa regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərə töhfə verməyə davam edəcək. Buna yalnız beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar", - Fransa Prezidenti əlavə edib. (Report)