"Hraparak"ın müxbiri Karen Martirosyanın bu günkü məqaləsində Paşinyanın Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündəki bəzi məqamlardan danışılır. Müəllif yazıb ki, görüşdə həm də həyacanlı anlar yaşanıb. Belə ki, baş nazirin çıxışı diqqətlə dinlənilsə də onun istefa verib-verməyəcəyi barədə sual həyacanlı anlar yaradıb. Diaspor nümayəndəsi deyib ki, vaxtilə "arsax ermənistandır və nöqtə" deyən baş nazir təkcə "arsaxın" deyil, həm də Ermənistanın bir neçə strateji məntəqələrinin düşmənin əlinə keçməsinə şərait yaradıb və hazırda konstitusiyada dəyişikliklər edilməsi üçün siyasət aparır. Müxalifət isə bununla razı deyil və demək olar ki, hər gün istefa şüarları səslənir, aksiyalar keçirilir. Belə olduğu təqdirdə baş nazir niyə istefa vermir və ümumiyyətlə, istefa verəcəkmi? sualından sonra N.Paşinyan bir qədər düşünüb və müxalifətin deyil, məhz xalqın istəyi ilə baş nazir mandatı qazandığını vurğulayıb. Əlavə edib ki, xalqın verdiyi mandatı müxalifətə vermək fikrində olmayıb və olmayacaq da. Bu məsələni növbəti seçkilərdə xalqın səsi həll edəcək.
44 günlük müharibədə Ermənistanın məğlub olmasının səbəbini müxalifətin yarıtmaz işində görən N.Paşinyan belə bir nüansı da vurğulayıb ki, minlərlə insanın fərari olması da məhz müxalifətin təbliğatı nəticəsində baş verib. Müxaliflər o vaxt tam inanıblar ki, əgər Ermənistan məğlub olarsa, baş nazir istefa verəcək və hakimiyyətə özləri gələcəklər deyə N.Paşinyan qətiyyətlə əlavə edib ki, o, yalnız xalq qarşısında hesabatlıdır və istefa verməyəcək.
N.Qaramanlı