O, "Xəstə ideologiya" başlıqlı məqaləsində yazır ki, hazırda hakimiyyətin əsas məqsədlərindən biri "erməni tarixini Ermənistan tarixi" ilə əvəz etməkdir. Nümunə kimi isə bu il 7-ci sinif üçün nəşr olunmuş "Erməni tarixi" kitabını göstərir. Qeyd edir ki, atın quyruğuna bağlanmış qırmızı ipə bənzəyən bu kitabda guya bir sıra tarixi faktlar ya saxtalaşdırılıb, ya da dərslikdən tam çıxarılıb. Bəzi alimlərin buna etiraz etməsini həm də cəmiyyətin etirazı kimi dəyərləndirən baş redaktor bu addımın gələcəkdə keçirilməsi nəzərdə tutulmuş konstitusiya dəyişiklikləri ilə bağlayır və vurğulayır ki, hakimiyyət öz xəstə ideologiyası ilə yalnız özünə xidmət edir. Bu və digər fəaliyyətin düşmənlərin (təbii ki, Azərbaycan və Türkiyə nəzərdə tutulur- red) marağı ilə üst-üstə düşdüyünü özünə xas sətiraltı ifadələrlə diqqətə çatdıran müxalif qaynana ləqəbli Armine Ohanyan yəqin bilməmiş deyil ki, bütün dünya hayların məhz xəstə təxəyyülləri ilə tanışdır. Həmin xəstəliyi dəstəkləyənlər də məhz erməni xəstəliyinə yoluxanlardır.
N.Qaramanlı