Ermənistanın Baş naziri separatçıların yeni “prezidentini” niyə təbrik etməməsinin səbəblərini açıqladı
“Vətən səsi” xəbər verir ki, Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində jurnalistin bununla bağlı gözlənilməz sualını cavablandırmaq məcburiyyətində qalıb. O, etiraf edib ki, Qarabağdakı qondarma rejimin yeni “seçilmiş prezidenti”ni təbrik etmək həm Ermənistanı, həm də Şahramanyanı çətin vəziyyətdə qoyardı: ”Vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox ağır məsuliyyət qoyulub”.
Paşinyan qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər. O, qeyd edib ki, rəsmi İrəvan Qarabağ separatçıları əlaqə saxlamaqda davam edir: “Vəziyyəti başa düşmək üçün ilk mənbələrdən məlumat almaq vacibdir. Bizimlə Samvel Şahramanyan arasında çox yaxşı iş atmosferi və qarşılıqlı anlaşma var.
Xatırladaq ki, sentyabrın 9-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərindəki erməni separatçılar özlərinə yeni başçı “seçiblər”. Xankəndidə keçiriliən qondarma “seçki”ni separatçılar “prezident seçkisi” kimi təqdim etsələr də, xarici dövlətlər və beynəlxalq təşkilatlar separatçıların bu addınını pisləyən bəyanatlar veriblər. Bu bəyanatları nəzərə alan Ermənistan hakimiyyəti Samvel Şahramanyanı təbrik etməkdən çəkinib. Xüsusilə Baş nazir Nikol Paşinyanın, parlamentin sədri Alen Simonyanın və prezidenti Vaaqn Xaçaturyanın Xankəndidəki “seçkiyə” və onun nəticələrinə laqeyd münasibəti separatçıların Ermənistandakı tərəfdarlarının və diaspor fəallarının qəzəbinə səbəb olub.
Politoloq Asif Nərimanlı hesab edir ki, Paşinyan separatçıların yeni “rəhbəri”ni təbrik etməməsinin səbəbini açıqlayarkən bunu “Təbrik etməyin mənası yoxdur, Samvelin üzərinə çox ağır məsuliyyət qoyulub” ifadəsi ilə izah etməsi Ermənistanın Baş nazirinin reallığı anladığını göstərir. Bununla belə, Paşinyan həmin cavabı ilə həm də Qarabağda baş verəcək hadisələr fonunda erməni əhalinin taleyinə ciddi təsir göstərən qərarların məsuliyyətini Şahramanyanın üzərinə qoyur: “Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq və İrəvan Xankəndindəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir”.
Politoloq Elxan Şahinoğlu da Ermənistan Baş nazirinin separatçıların yeni liderini təbrik etməməsini düzgün düşünülmüş addım kimi dəyərləndirib. O, hesab edir ki, Paşınyan daxili auditoriyanın rəyini nəzərə alıb heç bir ölkənin tanımadığı qondarma “respublika”nın yeni “seçilmiş” rəhbərinə təbrik ünvanlasaydı, rəsmi İrəvan beynəlxalq qınaqla üz-üzə qalardı: “Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik etməməlidir. Bu, onun sözdə də olsa, “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar. Yox, əgər Nikol Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik edərsə, gərək Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin. Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artırardı”.
Elxan SALAHOV