05.02.2025, 18:48
AZ EN
11.09.2023, 17:23 302

Paşinyan separatçıların yeni “liderini” “təbrik” etmədi – SON 30 İLDƏ İLK DƏFƏ

XƏBƏRLƏR

Rəsmi İrəvanın bu mövqeyi erməni siyasətçiləri də təəccübləndirib

  • Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmayıb. Əksinə, bütün beynəlxalq mərkəzlər Qarabağ separatçılarının sentyabrın 9-da keçirdiyi “seçki”ni pisləyən bəyanatlar veriblər. Separatçıları və onların Ermənistandakı əsas dəstəkçilərini ən çox narahat edən məsələ isə rəsmi İrəvanın mövqeyidir. Belə ki, nə Ermənistanın Baş naziri Nikol Paşinyan, nə də digər hökumət rəsmiləri Xankəndidə keçirilən qondarma “seçiki”də səs çoxluğu ilə “prezident” “seçilən” Samvel Şahramanyanı “təbrik” etməyib.

“Vətən səsi” xəbər verir ki, bu məsələ Ermənistan Milli Assambleyasının bu gün keçirilən birinci sessiyasında da diqqət mərkəzində olub. Erməni mətbuatının yaydığı məlumata görə, “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçılara müraciət edərək rəsmi İrəvanın Samvel Şahramanyanı “təbrik” etməməsi onu da təəccübləndirib: “Ermənistan cəmiyyəti, erməni xalqı Samvel Şahramanyanı təbrik etdi, bəzi ölkələr, Ukrayna, Türkiyə bu seçkini pislədi. Amma nə qədər təəccüblü olsa da, rəsmi İrəvandan “artsax”ın yeni “seçilmiş prezidenti” Samvel Şahramanyana təbrik məktubu göndərilməyib”.

Manukyan qondarma “seçki”də separatçıların yeni “başçısı”nın Ermənistan parlamententinin sədri Alen Simonyanın da “təbrik” etmədiyini, ümumiyyətlə rəsmi şəxslərin Xankəndidəki qondarma “seçkilərlə” bağlı mövqe bildirmədiklərinə diqqət çəkib.
Məsələnin diqqət çəkən tərəfi odur ki, Ermənistanın 30 illik işğalçılıq siyasəti dövründə bu hal ilk dəfədir baş verir. Bundan əvvəlki dövrdə Qarabağ separatçılarının qurama seçkilərinin “qalibi” olmuş şəxslərə ən azı Ermənistanın iki rəsmi şəxsi – ölkə başçıs və parlament sədri tərəfindən “təbrik” məktubları göndərilib, onlara dəstək ifadə olunub.

Maraqlıdır, Ermənistanın son 30 illik tarixdə sərgilədiyi bu mövqeyi rəsmi İrəvanın separatçı rejimə münasibətinin hansısa təzahürü sayıla bilərmi?

Politoloq Asif Nərimanlı da Ermənistan rəhbərliyinin “separatçıların yeni seçilmiş prezidentini təbrik etməməsini son 30 ilin ilk belə hadisəsi kimi qeydə alındığını deyir. Onun fikrincə, bunun iki mümkün səbəbi var: “Birincisi, Ermənistan Qarabağdakı separatçılardan imtina edir və beynəlxalq müstəvidə qınanılan qondarma “seçki” ilə bağlı mövqe sərgiləməkdən çəkinir. Eləcə də belə bir mövqenin həm Bakı-İrəvan danışıqlarına vasitəçilik edən tərəflərin xoşuna gəlməyəcəyini, həm də rəsmi Bakının sərt reaksiyasına səbəb olacağını anlayır. Hərçənd, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi şifahi olaraq tanısa da, son iki həftədə bunun əksi olan mövqe sərgiləməsi və ərazi iddialarını fərqli formalarda davam etdirməsi məqamı da unudulmamalıdır. Bu baxımdan, İrəvanın separatçıları təbrik etməkdən imtina etməsinin arxasında başqa səbəblər də ola bilər”.

Politoloq ikinci səbəb kimi Xankəndidəki separatçıların yeni “başçısı”nın Paşinyan hakimiyyəti tərəfindən qəbul olunmamasında görür: “Araik Arutyunyan keçmiş “Qarabağ klanı”nın üzvü olsa da, rəsmi İrəvan onunla işləyirdi. Lakin proseslər göstərir ki, Araikin gedişi, yerinə Şahramanyanın gətirilməsi məsələsi Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib. Burada Rusiya amilinin həlledici rol oynadığı və Qarabağda baş verənlərin İrəvanda hakimiyyət dəyişikliyinə aparan yolun açılması olduğu ehtimalları daha çoxdur. Paşinyana yaxın Samvel Babayanın separatçıların yeni “rəhbərliyinə” qarşı mübarizəsi də Şahramanyanın İrəvanda qəbul edilmədiyi versiyasını gücləndirir. Bu baxımdan, İrəvandan “təbrik”in gəlməməsinin arxasında bu amil də dayana bilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər