Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, əgər biz ötən ilin Novruz tonqalından sonraki bir il ərzində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət etsək, görərik ki, Azərbaycan Ordusu uğurlu Fərrux əməliyyatını, ardınca Sarıbaba, Qırxqız və Buzdux əməliyyatlarını keçirərək həmin ərazilərdə döyüş hissə və bölmələrimizi yerləşdirməyə nail olub.
Sonrakı müddətdə bölmələrimiz Laçın rayonunu, Sus və Zabux kəndlərini erməni işğalçılardan azad etdi. Sentyabrda isə Azərbaycan Ordusunun hissə və bölmələri Ermənistanın təxribatlarına cavab olaraq şərti sərhəddə qətiyyətli cavab əməliyyatı ilə erməni silahlılarını 11 strateji yüksəklikdən və 74 döyüş mövqeyindən geri çəkilməyə məcbur edib. Döyüşlərdə Ermənistan 600-ə yaxın şəxsi heyət və təxminən 1 milyard manata yaxın döyüş texnikası itkisinə məruz qaldı. Bu əməliyyat nəticəsində Azərbaycan bu gün tarixi torpaqlarımıza, o cümlədən Balagöyçə və Göyçə gölünün ətrafına Qarakilsə, Basarkeçər, Qafan rayonlarının ərazilərinə vizual nəzarəti bərpa edib. Ordumuz Ermənistanın şimalı və cənubunu birləşdirən İrəvan-Qafan yoluna da nəzarət edir.
Qeyd olunub ki, keçən il ATƏT-in Minsk qrupunu bir dəfəlik siyasi müstəvidən çıxardan Azərbaycan paralel olaraq “böyük Ermənistan” ideyasının və Qarabağın statusu məsələsinin gündəmdən çıxarmağa nail oldu. Ermənistanı bu məsələlərdə dəstəkləyən İrana və Fransaya onların anladığı dildə və layiq olduqları şəkildə cavab verildi.
Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu öz reytinqini dünya sıralamasında daha da yaxşılaşdırdı. Xüsusi Təyinatlı Qüvvələrimiz isə bu sıralamada ilk pillələrdə yerləşdi. Müttəfiqlərimizlə hərbi texniki sahələrdə əməkdaşlığımız genişləndirildi. Müdafiə sənayesi şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyətə başladılar. Uğurlarımızdan biri isə böyük qayıdışın daha geniş miqyasda davam etməsidir. Qazilərin və əlillərin daim diqqət mərkəzində saxlanılması, türk ordu modelinə keçidin uğurla davam etdirilməsi, sərhəd və dövlət təhlükəsizliyinin prioritet olaraq qalması, bu sahələrə ayrılan xərclərin davamlı olaraq artırılması, komanda hərbi hissələrinin coxaldılması, Şərqi Zəngəzurda və Qarabağda yeni hərbi hissələrin yerləşdirilməsi və hərbi infrastrukturun yaradılması, mövqelərimizə və hərbi hissələrə gedən yolların çəkilməsi, vətəndaşlarımızın Şuşaya, Laçına, Hadruta və Tuğa daha kütləvi şəkildə qayıtması üçün intensiv hazırlıqların davam etməsi – bütün bunlar ondan xəbər verir ki, Azərbaycan Ordusunun Qarabağ və Zəngəzurda əldə etdiyi möhtəşəm qələbələr, xüsusilə də Şuşa şəhərinin və Suqovuşan qəsəbəsinin düşməndən azad edilməsi Azərbaycanın həm cənub, həm də şimal istiqamətində Ermənistanı daha çətin və çıxılmaz vəziyyətə salıb.
“Vətən müharibəsində və ondan sonraki müddətdə əldə edilən tarixi Zəfərlər bundan sonra da davam edəcək. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə bu gün tarixi torpaqlarımıza nəzarəti bərpa edibsə, deməli, ən yaxın perspektivdə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunda da bayrağımızı qaldırmağa nail olacaq. Bunun üçün biz xalq olaraq Prezident İlham Əliyevin və silahı qüvvələrimiz ətrafında daha sıx birləşməliyik”, - deyə Ə.Verdiyev vurğulayıb. (AZƏRTAC)