“Vətən səsi” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesinə əcnəbi mütəxəssislər də cəlb olunublar.
Hafiz Səfixanov mina və partlamamış sursatlara Ağdam və Tərtər rayonlarında daha çox rast gəlinir. Həmin ərazilərində daha çox minaların aşkarlandığını deyib: “Əməliyyat aparılan bütün bölgələrdə kifayət qədər mina tapılıb. Ağdam, Tərtər və Füzuli kimi bölgələrdə, digər ərazilərdə minalanma daha çoxdur. Hökumət hansı bölgələr üzrə prioritet elan edirsə, ora minalardan təmizlənir və daha sonra bərpa layihələrinə başlanır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır. Belə hallara daha çox Ağdam və Tərtərdə rast gəlmək mümkündür”.
Minatəmizləmə əməliyyatlarının nə vaxta qədər davam edəcəyinə gəlincə, Hafiz Səfixanov deyib ki, işğal dövründə ərazilərin kütləvi şəkildə minalanması səbəbindən bu proses uzun çəkəcək: “Ərazilərin minalardan təmizlənməsi prosesi tam sürətlə davam edir. Hava şəraiti imkan verdiyi müddətdə proses həyata keçirilir. Beynəlxaq humanitar minatəmizləmə standartlarına əsasən, müəyyən hava şəraitində işləmək qeyri-mümkündür. Minatəmizləmə işləri hazırda işğaldan azad edilmiş bütün ərazilərdə aparılır. Hökumətin tapşırığına əsasən, bəzi ərazilərin minalardan təmizlənməsi prioritet elan edilib. Bu, əsasən infrastruktur layihələrinin keçdiyi ərazilərdir. Hazırda Ağdam, Füzuli şəhərlərində yaşayış binalarının tikintisi, digər rayonlarda kəndlərin, şəhərlərin salınmas ilə bağlı işlər aparılır. Həmin ərazilər minalardan təmizlənir ki, daha sonra digər qurumlar fəaliyyətlərini həyata keçirə bilsinlər".