21.11.2024, 17:11
AZ EN
07.10.2022, 08:35 188

Ağdam kimi el yadıma düşübdü

YARADICILIQ
  • İlmə-ilmə söz toxuyub, sözü qəlbinin odu-közü ilə al-əlvan rənglərə boyayan vətənpərvər şair Alllahverdi Qiyaslının poeziyamızda öz yolu-irizi var. O, 1952-ci il  iyul ayının 6-da Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Ömrünün gənclik illərində məcburi köçkünlüyün ağrı-acısını yaşayan şairin bütün yaradıcılığında Qarabağ, yurd həsrəti, el məhəbbəti tərənnüm olunur. Bütün bunlar şairin “Qarabağ nəğmələri” adlı kitabında öz əksini tapmış, oxucular tərəfindən sevilir, şeiri müğənnilərin ifalarında sevilən mahnılar sırasında yer alır.  “Azərbaycan Bayrağı” diplomuna layiq görülən şair “Ağdam ədəbi Məclisi”nin yaradıcılarındandır.

Şairin bir neçə şeirini oxuculara təqdim edirik.

 

GÖRMÜŞƏM

 

Təpəyə dağ demə, dağlar inciyər,

Mən dağlar oğluyam, dağlar görmüşəm.

Beş-on ağac əkib bağım var demə,

Çox ucsuz-bucaqsız bağlar görmüşəm.

 

Dağların zirvəsi qarsız olmasın,

Sevib-sevilənlər yarsız olmasın,

Heç kimin bostanı barsız olmasın,

Qoynu şamamalı tağlar görmüşəm.

 

İnsan var yaddaşı, yadı itibdi,

Qəlbində qardaşın adı itibdi,

Həyatın ləzzəti, dadı itibdi,

Şordan ucuz olan yağlar görmüşəm.

 

Hədər sürməmişəm cavan ömrümü,

Şam kimi ərəyib yanan ömrümü,

Fələk eyləsə də talan ömrümü,

Gözəl günlər, gözəl çağlar görmüşəm.

 

YAŞAMIŞAM

 

Allah verən bu ömrümü,

Bala-bala yaşamışam.

Uşaqlığım-cavanlığım,

Sola-sola yaşamışam.

 

El-obamdan düşdüm sürgün,

Bu həyatdan oldum küskün.

Vətənimdə qaçqın-köçkün,

Ola-ola yaşamışam.

 

Ömrüm ötdü qalmaqalda,

Nələr gördüm mən bu yolda,

Qəm sazını bu dünyada,

Çala-çala yaşamışam.

 

Zaman məni çəkdi dara,

Çatmadım mən arzulara,

Dərin-dərin xəyallara,

Dala-dala yaşamışam.

 

Qiyaslıyam, bu dünyada,

Mən vurğunam təmiz ada,

Keçmişimi hər gün yada,

Sala-sala yaşamışam.

 

YOL VER GEDİM AĞDAMIMA

 

Qoy Ağdamı gedim gəzim,

Gedim özüm, gəlim özüm,

Qalmayıbdı məndə dözüm,

Yol ver gedim Ağdamıma.

 

Torpaqları aldıq axı,

Biz qələbə çaldıq axı,

Yenə həsrət qaldıq axı,

Qoy minaya düşüm ölüm,

Yol ver gedim Ağdamıma.

 

Qoy Ağdama gedim çatım,

Orda qalıb şən həyatım,

Qiyaslıdı qeydiyatım,

Yol ver gedim Ağdamıma.

 

Bağlanmışdı sağım-solum,

Açılıbdır bağlı yolum,

Qadan alım, qurban olum,

Yol ver gedim Ağdamıma.

 

Kökdən düşüb könül tarım,

Çox dərindi yaralarım,

Külə dönüb arzularım,

Yol ver gedim Ağdamıma.

 

Qiyaslıyam, ötüb yaşım,

Nələr çəkib mənim başım,

Ay eloğlum, ay qardaşım,

Yol ver gedim Ağdamıma.

 

DÜŞÜBDÜ

 

Zəhmətimlə ev tikmişdim dağıldı,

O qabarlı əl yadıma düşübdü.

Bağ salmışdım bəhrəsini dərmədən,

Bağımdakı gül yadıma düşübdü.

 

Cənnət idi,behişt idi o məkan,

Gözəlliyin itirmirdi heç zaman.

İnsanları çox səmimi-mehriban,

Şirin ləhcə, dil yadıma düşübdü.

 

Düşmən bizə eyləyəndə yamanlıq,

Zülmət çökdü, həyat oldu qaranlıq.

Səfər etdim o günlərə bir anlıq,

Gözdən axan sel yadıma düşübdü.

 

Muğamatın ocağıdı Ağdamım,

Cənnətin bir bucağıdı Ağdamım,

İgidlərin oylağıdı Ağdamım,

Ağdam kimi el yadıma düşübdü.

 

İlham alıb Allahverdi bu yerdən,

Köçkünlüyə pay veribdi ömürdən,

Gənclik vaxtı saçlarıma düşdü dən,

Qara şəvə, tel yadıma düşübdü.

Təqdim edir: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər