Qırxbulaq mahalında, Eller rayonunun mərkəzindən 14 km cənub-qərbdə, Kənəkir qəsəbəsi yaxınlığında olan bu kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. 1590-cı ildə yazılmış "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin tərkibində Murad qışlağı, Muradlı, Muradəli adlı üç kənd qeydə alınmışdır. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Qırxbulaq nahiyəsində Yeni qışlaq adlı kəndin qeydə alınması və digər adının Əxi təpəsi olması söyləməyə əsas verir ki, ilkin adı Murad qışlağı olan kənd sonralar həm Əxi təpəsi, həm də Yeni qışlaq adında qorunub saxlanılmışdır. Mənbələrdən aydın olur ki, Murad qışlağı, Yeni Qışlaq, Əxi təpəsi, Əxikənd, Muradtəpə adları müxtəlif ərazilərdə qeydə alınan eyni kəndlərdir. İlkin adı Əxikənd, sonralar Ağkənd şəklinə düşmüş, daha sonra Muradtəpə adlanan kəndin etilmologiyasi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin xüsusilə qeyd olunur ki, kənd adını Murad şəxs adından götürülmüşdür. 1964-cü il avqustun 15-də kəndin Muradtəpə adı rəsmi ləğv edilərək Kənəkeravan qoyulmuşdur.
İsa MUSAYEV