Zəngibasar mahalında, Zəngi çayının sağ sahilində, Muğanlı kəndi ilə üzbəüz, Reyhanlı kəndi yanında olanTerekevit kəndində yalnız Azərbaycan türkləri yaşamışdır. 1590-cı il "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin, 1728-ci il nəşrində isə Qırxbulaq nahiyəsinin Terekevit kəndi kimi qeydə alınmışdır. Sonrakı mərhələdə kəndin adına rast gəlinmir. Toponimin etimologiyası ilə bağlı onu deyə bilərik ki o, terek və ovit komponentlərindən ibarət olmaqla birinci turuk//türük//türk və ikinci yaşayış məntəqəsi anlamında olan ova, oba, ev sözlərindən yaranmışdır. Terekovid “Türklərin yurdu”, “Türk obası” mənasında işlənmişdir. Əziz Ələkbərli yazır ki, Zəngi çayının sağında, Təkevlər adlı ərazi mövcud olmuşdur.
İsa MUSAYEV