Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır.
1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni, 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.
Tahirə AĞAMİRZƏ