1832-ci ildə Zəngibasar mahalının Seyid kəndi, 1873, 1886 və s. statistik məlumatlarda Seyidkənd kəndi kimi qeyd olunmuşdur. Ehtimal olunur ki, kəndin adı Ayrım türk tayfasının Seyidlər tirəsinin adından götürülüb. Qərbi Azərbaycan ərazisində Seyid komponenti ilə çoxlu oykonimlər olmuşdur: Şirakel nahiyəsində Seyidkulu kəndi, Vedibasar mahalında Seyidkotanlı kəndi, Zəngəzur, Göyçə mahallarında Seyidlər kəndləri, Dərələyəz mahalında Seyid Məmiş kəndi və s.
Seyidlər kəndi erməni-daşnak quldurları tərəfindən 1918-ci ildə dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanları isə İran və Türkiyəyə mühacirət etmişlər.
Qərbi Azərbaycan ərazisində Sovet hakimiyyəti qurulduqdan sonra onların bir hissəsi Vətənə qayıtmışdılar. Lakin 1948-1953-cü illər deportasiyası zamanı bütün əhali zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilmişdir. Sonralar geri qayıdan seyidkəndlilər doğma yurdda məskunlaşsalar da, həmin kəndlər ləğv olunmuş bir neçə kəndin ərazisində yaradılmış Həbilkənd (Kalinin) qəsəbəsinin tərkibində sayılmışdır.
Kəndin əhalisi sonuncu dəfə 1988-ci ildə doğma yurdlarından vəhşicəsinə qovulmuşlar. Onu da qeyd edək ki, Sovet hakimiyyətinin ilk illərində bir neçə kəndin sovetliyi - şura hökuməti Seyidkənd kəndində yerləşdiyi üçün bu kənd el arasında Şurakənd kimi də adlandırılmışdır.
İsa Musayev