İrəvan şəhərinin sənub-qərbində, Zəngi çayının sağ sahilində, İrəvan-Üçkilsə yolunun yaxınlığında yerləşən Sarvanlar kəndi sonralar Zəngiçay dərəsində tikilmiş su anbarının altında qalmışdır. 1918-ci ilə qədər yalnız Azərbaycan türkləri yaşayan bu kəndə 1921-ci ildə ermənilər də köçürülmüşdür. Kəndin adı 1832-ci ildə Zəngibasar mahalının Xaraba Sarvanlar kəndi kimi qeyd olunmuş, sonrakı mənbələrdə də elə bu cür yazılmışdır. 1501-ci ildən mənbələrdə adı çəkilən Sarvanlar kəndi İran-Osmanlı yürüşləri zamanı tamamilə dağılmış, camaat köçüb daha təhlükəsiz yerdə ikinci Sarvanlar kəndini - Uliya Sarvanları salmışdır. Beləliklə, mahalda mövcud olan Xaraba Sarvanlar kəndi iki Sarvanlar kəndindən birincisidir.
Kəndin adı Kəngərli tayfasının Sarbanlar qolunun adından götürülmüşdür. Filologiya üzrə fəlsəfə doktoru, Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, 1873-cü ilin statistik məlumatlarında İrəvan qəzasının Zəngi çayı boyu ərazisində, Zəngi çayının sağ sahilində, İrəvan-Üçkilsə poçt yolunun yaxınlığında yerləşdirilmiş Xaraba Sarvanlar kəndində 48 nəfər Azərbaycan türkü qeydə alınmışdır. 1886-cı ildə 44 nəfər, 1905-ci ildə 95 nəfər, 1914-cü ildə isə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə daşnak qulduru Andronikin başçılığı ilə Xaraba Sarvanlar kəndi talanmış, darmadağın edilmiş, əhalisi qovulmuşdur. Həmin vaxtlar buraya Türkiyədən gəlmiş ermənilər yerləşdirilmişdir. Bundan sonra kəndin adı dəyişdirilərək Nor Qoxb (Yeni Qoxb) adlandırılmışdır.
Zəngi çayı İrəvan şəhərinin Təpəbaşı və Dəlmə bağları adlanan hissəsindən keçərək Dəmirbulağı və Xormabulağını da arxada qoyub, şəhərin çıxacağında Sarvanlar kəndinə çatır. İrəvanın sonuncu xanı Hüseynqulu xanın yanında mirzəlik etmiş Molla Əli Əndəlib Qaracadağının şeirlərində Sarvanlar kəndinin adı çəkilir.
Hazırladı: İsa Musayev