Dədəqışlaq kəndi Qərbi Azərbaycanın Kotayk mərzində, tarixən İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, 1995-ci ilədək Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 20 km şimal-qərbdə Misxana (Mərmərik) çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkə türk tayfasının tirəsi olan "dədə" etnoniminə qışlaq sözünün birləşməsindən əmələ gəlib. Mənası "dədə tayfasına məxsus qışlaq" deməkdir. Kənddə həmişə, o cümlədən 1916-cı ildə 442 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur. Sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə qayıtmışdır. 1979-cu ildə burada 925 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında kəndin azərbaycanlı ailələri deportasiya olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilərək "Axundov" qoyulmuşdur. Ermənistan Parlamentinin 4 may 2006-cı il tarixli qərarı ilə kəndin adı yenidən dəyişdirilərək "Pyunik" qoyulmuşdur.
İsa Musayev