Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda olan Çaxmaq kəndi rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilmiş, müstəqil xalq kimi təqdim edilmişdir. Amma əslində qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. 1914-cü ildə burada 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-1918-ci illərdə azərbaycanlılar deportasiya olunmuşdur. Sovet hakimiyyətinin ilk illərində azərbaycanlılar doğma yurdlarına qayıtmışdır. Çaxmaq kəndinə ermənilər 1922-ci ildə köçürülmüşdür. 1987-ci il məlumatına görə burada 400 nəfər azərbaycanlı yaşamışdır. 1988-1989-cu illərdə azərbaycanlılar deportasiya olunmuşdur. Toponim şahsevən turk tayfasına mənsub olan çaxmaq etnonimi əsasında yaradılmışdır. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək Kamxut qoyulmuşdur.
İsa Musayev