Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda olan Püsək kəndi rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeydə alınmışdır. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (psak) sözündən əmələ gəlmişdir. 1914-cü ildə kənddə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla deportasiya etmişlər. Sovet hakimiyyəti illərində bəzi sağ qalan adamlar öz kəndlərinə qayıtmışdır. Statistik məlumata görə kənddə 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. Püsək məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə qədər qalırdı. Bu kənd 1930-cu illərin sonlarında ləğv edilmişdir.
İsa Musayev