22.06.2025, 22:21
AZ EN
23.11.2022, 17:24 824

Qaraqoyunlu mahalı, Gölkənd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Gölkənd kəndi Qаrаqоyunlu mahalının kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı yerdəndir. Burada daim azərbaycanlılar yaşayırdı. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub.

Mənbələrdə qeyd olunur ki, Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi. Mahalda ən böyük kənd Gölkənd olmuşdur və sovet hakimiyyəti qurulandan sonra bölgədə ilk orta məktəb də məhz burada açılmışdır.

Gölkənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. Xanlıqlar dövründə Qaraqoyunlunun bütün kəndləri kimi Gölkənd də Şəmsəddin sultanlığına məxsus olmuş və İrəvan, Gəncə xanlıqları ilə iqtisadi əlaqədə olmuşdur.

Bu da tarixi faktdır ki, Səfəvi qoşunları Qaraqoyunlu mahalına hücum edərkən gölkəndlilər də Quğu deyilən ərazidə döyüşə girmiş və “qızılbaş”ların geri oturulmasına nail olaraq özəlliklərini qoruyub saxlamışlar.

1918-ci ildən 1921-ci ilin martınadək Azərbaycan ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradılıb. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra isə Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Harasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu bölgəsi, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala  Ermənistanın tərkibinə qatılıb. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsko), Şəmşəddil, Dilican rayonları yaradılıb.

Bölgədə elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş kiçik su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. Gölkənd həm də alimlərinin sayı ilı öncül kəndlərdən biridir. Hələ 80-ci illərdə bu kəndin 100-dən artıq yetirməsi elmlər namizədi, elmlər doktoru, professor idi. Gədəbəy rayonu ərazisində ankav olan, 1845-ci ildə İrandan gələn erməniləryerləşdirən Başkənd kəndinin 1991-ci ilin yayında ermənilərdən təmizlənməsində xüsusi igidlik göstərdiyinə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülən Bakı Ali Ümumqoşun Komandirləri məktəbinin məzunu, peşəkar hərbçi, komutan Rizvan Pirnəzərov bu kənddəndir. Birinci vəikinci Qarabağ müharibəsində onlarla gölkəndlilər də döyüşüb və şəhidlik zirvəsinə ucalıb.

Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci il noyabrın sonlarında faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə isə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Qaraqoyunlunun, Göyçə mahalının da daxil olduğu Geğarkuni vilayətinə  daxildir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər