Qədim Zəngəzur mahalının, sonralar Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olan Qafan rayonunun bütün azərbaycanlı kəndləri kimi Gığı kəndi də öz tarixi, milli-mənəvi, eləcə də dini abidələri ilə seçilən yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 35 km şimal-qərbdə, Gığı çayının sahilində salınmışdır. Burada X əsrə aid olan abidə işğala qədər qalırdı. 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlılar kimi Gığı kəndinin əhalisi də qovulmuşdur. Gığı kəndinin adı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsidir. Kəndin digər adı isə Kiçik Sofuludur. Qədim mənbələrdə Kığı kimi qeyd olunub. XIX əsrdə Şimali Qafqazda, Kuban vilayətində Kukovoy-Kurqan və Kükü-Oba-Dağ, Batumi dairəsində Kukuti, Tiflis quberniyasında Kükü gölü, Şahbuz rayonunda Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükütü dağı eynimənalı toponimlərdir. Həmçinin Qobustanda bir palçıq vulkanı da Gığıdağ adlanır.
Ərazidə 3343 m hündürlüyü olan Gığı dağı, mənbəyini Qazangöl gölündən götürən Gığı gölü, kəndin içərisində Gığı qalası da var. Qala uçub dağılsa da, qalıqları indiyə qədər qalıb. Lakin bu qədim kəndin də başı çox bəlalar çəkmişdir. 1918-ci ildə ermənilərin törətdiyi qırğınlar nəticəsində kənd əhalisi deportasiya olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra isə camaat geri qayıtmışdır. 1988-ci ildə bütövlükdə deportasiya olunmuş, orada ermənilər məskunlaşmışdır.
Gığı kəndinin çoxsaylı alimləri, həkimləri, ziyalıları, ağsaqqalları Respublikamızda da tanınırlar. Professor Təhməz Quliyev, Əsgər Quliyev, Ağabala Babayev, Məşqulat Əhmədov tarixçi, Seyidəli Astanov hüquqşünas, Aydın Piriyev layihəçi, Rövşən Nüsrətoğlu yazıçı, Dünyamalı Məftun şair və başqaları bu kəndin yetirmələridir.
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.
İndi bütün Şərqi Zəngəzura Azərbaycan ordusu nəzarət edir. Gün gələcək Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə türkün bu qədim yurd yerlərinin də övladları doğma Vətənlə vüsala qovuşacaqdır.
İsa Musayev