Zəngibasar mahalında, Mehmandar kəndi yanında, Ələyəz və Qarnıyarıq dağlarının arasından axıb gələn Kasax çayının Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngi və Qarasu çayları arasında Çobankərə kəndi yerləşir.
Kənddə ancaq Azərbaycan türkləri yaşayıblar.
Mənbələrdə kəndin adı iki variantda - Çobanqara və Çobankərə şəklində qeydə alınıb. Elmi ədəbiyyatda belə bir fikir var ki, «kənd Qazaxların 159 ailədən ibarət Çobankərə tayfasının məskunlaşması nəticəsində yaranıb» (B.Budaqov, Q.Qeybullayev) və təbii ki, belə olan surətdə adını da həmin tayfanın adından alıb.
Çobankərə adının etimologiyasına gəldikdə isə tədqiqatçı Q.Qeybullayevin fikrincə, eranın əvvəllərində Cənubi Qafqazda şimaldan hunlarla bir yerdə gəlmiş kəngər-peçeneqlərin tirələrindən (Çor, Aran, Göyərçinli, Qarabağlı, Kapan, Kəngərli) biri də Çoban//Çupan tayfası olub. X əsrdə cənub-şərqi Avropada kəngər-peçeneqlərin bir tirəsi Bizans mənbələrində elə «Çupan» kimi də qeydə alınıb.
Tədqiqatlar onu da sübut edir ki, «Çobankərə» etnoniminin tərkibinə daxil olan «çoban» sözü tarixi baxımdan dərin köklərə malikdir. Belə ki, türk-monqol, Altay-türk dillərində çoban//şaban//şeyban sözü knyaz, elbəyi, nəsil ağsaqqalı, el başçısı mənalarında işlənib. Çobankərə adının mənbəyində Çobanqara //Çoban Qara variantı durur və «Çoban tayfasına mənsub Qara (böyük -red.)» (türkcədə Çoban Kara, yerli tələffüzdə Çoban Kərə) mənasını bildirir.
Və nəhayət, türk-monqol mənşəli Çobanilər tayfası XIII-XIV əsrlərdə Azərbaycanın siyasi həyatında çox böyük rol oynayıb. Çingiz xanın hakimiyyət başına keçməsində mühüm xidməti olmuş, Elxanilər dövründə Urmiya gölü ətrafında məskunlaşmış Suldus tayfasından olan Əmir Çoban Elxanilər dövlətinin idarəsində yaxından iştirak edib, Arqun xan dövründə (1284-1291) isə baş əmir vəzifəsinə yüksəlib. Əmir Çobandan sonra Şeyx Həsən Çobani, Məlik Əşrəf Çobani hüquqi cəhətdən Elxanilərin baş əmirləri kimi tanınsalar da, real hakimiyyət onların əlində olub. Təsadüfi deyil ki, Azərbaycan türklərinin etnik tərkibində iştirak edən Çobanilərin adı ilə Bütöv Azərbaycan ərazisində çoxlu yaşayış məntəqələri mövcuddur və onlardan biri də çox güman ki, Çobankərə kəndidir. Əslən çobankərəli akademik Budaq Budaqovun fikrincə, «çobankərəlilərin Qazax dialektində danışması göstərir ki, onlar mənşəcə məhz Qazax mahalında məskunlaşmış kəngər-peçeneqlərə mənsubdurlar». Sonra fikrini əsaslandırmaq üçün Qazaxlı tayfasının tirələri sırasında Böyük Çobankərə və Kiçik Çobankərə tirələrinin mövcudluğunu misal gətirir. Daha sonra fikrini Böyük Çobankərə kəndində Xalfağıllı (Xəlfəqulular) tayfasının, Qazax rayonunda isə Xəlfələr adlı kəndin olması faktları ilə daha da möhkəmləndirir. Üstəlik, Çobankərədəki tayfalardan biri elə Qazaxlar da adlanıb.
Akademik B.Budaqovun fikrincə, bütün bu faktlar Çobankərənin Qazaxlar tayfasından olmasını və kənd əhalisinin bütövlükdə Qazax mahalından köçməsini söyləməyə əsas verir. Alimin ehtimalına görə, onlar Qazaxın Şıxlı kəndlərindən köçüblər.
İ.Şopendə isə (1832) Böyük Çobankərə ayrıca bir el, tayfa kimi qeydə alınıb. Bu el 146 ailədə 951 nəfər (519 kişi, 432 qadın) azərbaycan türkündən ibarət olub.
1873-cü ildə kənddə yaşayanların sayı 255 təsərrüfatda 2337 nəfərə (1293 kişi, 1044 qadın), 1886-cı ildə 310 təsərrüfatda 2487 nəfərə (1359 kişi, 1128 qadın) çatırdı.
Sonrakı illərdə kənd əhalisinin sayı daha da artıb, 1897-ci ildə burada 2631 nəfər, 1905-ci ildə 2411 nəfər (1905-ci ildə əhalinin sayının bir qədər azalması ermənilərin bölgədə törətdikləri soyqırımı ilə əlaqədardır), 1914-cü ildə 3089 nəfər azərbaycanlı qeydə alınıb.
1918-ci ilin yazında çobankərəlilər daha bir tarixi sınaq qarşısında qalır, Türkiyədə uğradıqları məğlubiyyətin acısını Cənubi Qafqazdakı türk-müsəlman əhalidən çıxmaq üçün burada, xüsusilə Qərbi Azərbaycan torpaqlarında misli görünməmiş soyqırımı törədən erməni vəhşiliyi ilə üz-üzə dayanmalı olurlar. Nizami erməni hərbi qüvvələrinin qarşısını almaq üçün kənd əhalisi kəndin ətrafında səngər qazaraq ermənilərə qarşı mərdliklə vuruşur. Nəhayət, erməni qüvvələri qarşısında duruş gətirə bilməyən çobankərəlilər digər azərbaycanlı kəndləri kimi, böyük itkilər verərək Araz çayına üz tutur, çayı keçib, Türkiyəyə pənah aparırlar. Ermənilər kəndi tamamilə dağıdır, yandırıb külə döndərirlər.
1919-1920-ci illərdə çobankərəlilərin çox hissəsi Türkiyədən Cənubi Azərbaycana keçir, Xoy, Təbriz torpaqlarında sığınacaq tapır, bir qismi isə oradan da Naxçıvana köçür, Naxçıvan şəhərində, indiki Babək rayonunun Şıxmahmud, Əliabad, Şərur rayonunun Xanlıqlar, Püsyan kəndlərində məskunlaşır. Onların çox az bir hissəsi sovet dövründə Vətənə qayıdır, Çobankərə kəndini yenidən bərpa etməyə başlayırlar. 1922-ci ildə qayıdanların sayı cəmi 66 nəfər, 1926-cı ildə 279 nəfər olub. Kəndə qayıdıb, yenidən məskunlaşanların çoxu Hənifəlilər tayfasından idi, sonra Yavıxlılar və başqa tayfaların nümayəndələri də köçüb gəliblər.
1937-ci ildə Çobankərədə ilk dəfə kolxoz qurulanda kənddə təxminən 70-80 ev olub. Lakin respublikanın erməni rəhbərliyi Çobankərə kimi nüfuzlu türk kəndinin təzədən dirçəlməsi ilə heç cür barışa bilmir və 1940-cı illərdə buradakı ailələri köçüb qonşu Mehmandar kəndində məskunlaşmağa məcbur edilirlər. Elə o vaxtlardan da kənd ləğv olunub. Kəndin bir daha bərpa olunmaması üçün ermənilərin istəyi ilə sovet hökuməti onun yerində Türkiyəyə qarşı yeraltı hərbi obyektlər yerləşdirib.
1948-ci ilin avqust ayında Çobankərə və Mehmandar kəndlərinin Azərbaycana deportasiya olunan sakinləri Ağcabədi rayonunun Teymur Quliyev adına kolxozuna köçürülüb və əsasən, rayon mərkəzində məskunlaşıblar. Mehmandar kəndində yaşamaqda davam edən çobankərəlilər isə 1988-ci ildə bu kəndin camaatı ilə birgə növbəti dəfə erməni terrorizminə məruz qalıb, Azərbaycan Respublikası ərazisinə pənah gətiriblər.
Çobankərə kəndinin yetirməsi olan akademik Budaq Budaqov özünün dəyərli «Çobankərə eli» kitabında (Bakı, 1996) kəndin tarixi, coğrafiyası, onun sakinlərinin həyat və fəaliyyətinin müxtəlif sahələri haqqında ətraflı məlumat verib.
Hazırladı:
Sevda SÜLEYMANOVA