İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunun tərkibində olan Bulxer kəndi rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Bulxeyir, "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Əbulxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Tədqiqatçıların fikrincə Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Ehtimal etmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq" mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Burada bulxer bulqar etnoniminin fonetik variantı kimi də qəbul oluna bilər. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il fərmanı ilə adı dəyişdirilərək Şenavan qoyulmuşdur.
İsa Musayev