Qərbi Azərbaycanın Gorus rayonunun Ağbulaq kəndi rayon mərkəzindən 15 km qərbdə, Bazarçayın sağ qolu olan Kəşin çayının sol sahilində, Kəpəz dağının ətəyində, meşəlikdə yerləşir. Kəndin adı Kəpəz dağından axan Ağbulaq adlı çeşmədən götürülmüşdür. Qafqazın 5 verstlik xəritəsində "Ağbulaq qışlağı" formasında qeyd edilmişdir. Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşir. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət kəndi tərk etməmişlər. Lakin döyüş sursatları qurtardıqdan sonra əhali kənddən çıxmış və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. Sovet hakimiyyəti qurulduqdan sonra 40-a yaxın ev doğma torpaqlarına qayıtmış, Ağbulaq kəndini yenidən bərpa etmişlər. Kənddə klub, kitabxana, məktəb, tibb məntəqəsi, mağaza, kolxoz idarəsi var idi. Kəndin əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. 1988-ci il noyabrın sonlarında əhali deportasiyaya məruz qalaraq öz doğma yurd-yuvalarını tərk etmişlər.
İsa Musayev