İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda olan Ağqala kəndi Göyçə gölünün sahilində yerləşir. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşən bu kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim rəng bildirən "ağ" sözü ilə "qala" sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını öz ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Ağqala kəndində 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Bundan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıtmışdır. 1970-ci ildə kənddə 2200 nəfər azərbaycanlı və erməni əhalisi yaşamışdır. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilmişdir. 1988-ci ildə azərbaycanlılar deportasiya edilmişlər. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Berdkunk (Qala yeri) qoyulmuşdur.
İsa Musayev