Yelizavetpol quberniyasının Zəngəzur qəzasında indiki Meğri rayonunun Lehvaz kəndi rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bu rayonda Lehvaz adlı iki kənd olmuşdur; Birinci Lehvaz, İkinci Lehvaz. Sonralar bu kəndlər birləşdirilmişdir. Toponim skif tayfalarından olan leh etnonimi ilə türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasını ifadə edən bayz//bays sözlərindən əmələ gəlmişdir. Ehtimal olunur ki, bu söz Azərbaycan toponimiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən bazı formasında da işlənir. Kənddə 1934-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalmış kənd sakinləri qırğınlarla deportasiya olunmuşdur. Sovet hakimiyyəti illərində kəndi tərk edənlər öz dədə-baba yurdlarına qayıda bilmişdir. 1922-ci ildə 189 nəfər sakini olan Lehvaz kəndində 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin azərbaycanlı sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İsa Musayev